Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların təklifləri əsasında hazırlanmış və Milli Məclisin saytında ictimai müzakirələr üçün yerləşdirilmiş “Siyasi partiyalar haqqında” yeni qanun layihəsini ictimai-siyasi həyatımızda əhəmiyyətli hadisələrdən biri hesab edirəm.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Qasımlı deyib.
"Demokratiya müsəlman Şərqində ilk cümhuriyyəti quran millətimizin xarakterindən irəli gələn azad seçimi, dövlətimizin siyasəti, eyni zamanda daim təkmilləşən və sonu görünməyən böyük bir prosesdir. Məlumdur ki, siyasi partiyalar, fikir müxtəlifliyi olmayan cəmiyyətlər demokratik ola bilməzlər. Siyasi sistemimizin ayrılmaz tərkib hissəsi olan partiyaların fəaliyyəti ölkəmizin həyatının demokratikliyini göstərir. Yeni qanun layihəsinin hazırlanması zərurətdən yaranıb.
Siyasi partiyalar haqqında qanunun qəbul edildiyi 1992-ci ildən 30 il keçib. Bu illər ərzində cəmiyyətimizin siyasi sistemi daim inkişaf edib və təkmilləşib. Deməli, siyasi partiyaların da yerinin müəyyənləşdirilməsinə və fəaliyyətinin tənzimlənməsinə ehtiyac var. Hesab edirəm ki, qanun qəbul edildikdən sonra siyasi sistemimiz, partiyalararası münasibətlər daha da təkmilləşəcək və yeni keyfiyyət halı alacaq. İnkişafımız çoxpartiyalılıqda və fikir müxtəlifliyindədir", - deyə parlamentari yeni qanun layihəsinin əhəmiyyətindən söz açıb.