Modern.az xəbər verir ki, bu gün Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti dövründə xarici işlər naziri olmuş Tofiq Qasımovun ad günüdür, onun 75 yaşı tamam olub.
T.Qasımov 1988-ci ildən başlayan Azərbaycan Xalq Hərəkatının sıralarına qoşulub, ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizənin önündə gedənlərdən, Azərbaycan Xalq Cəbhəsinin qurulmasında iştirak edənlərdən biri olub. AXC İdarə Heyətinin üzvü olan T.Qasımov 1992-ci il Azərbaycanın xarici işlər naziri postuna təyin edilmişdi.
Tofiq Məsim oğlu Qasımov 1938-ci il aprelin 10-da Ağdaşın Ləki kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini və SSRİ Elmlər Akademiyası Fizika-Texnika İnstitutunun (Sankt-Perterburq) aspiranturasını bitirib. 1969-cu ildə Leninqrad Yarımkeçiricilər İnstitutunun elmi şurasında namizədlik dissertasiyası müdafiə edib, fizika-riyaziyyat elmləri namizədi adı alıb. 1970-ci ildən Azərbaycan Elmələr Akadameyası Fizika İnstitutunun elmi işçisi olub. 100-ə qədər elmi əsərin müəllifidir.
1987-ci ildən siyasətlə məşğul olub. Bakı Alimlər Klubunun yaradılmasının təşəbbüskarlarından biridir. Azərbaycan Xalq Cəbhəsinin qurulmasında iştirak edib onun İdarə Heyətinin üzvü olub.
1990-cı ildə Azərbaycan parlamentinin deputatı seçilib. 1992-ci ilin mayında Azərbaycan Respublikasının xarici işlər naziri təyin olunub. 1993-cü ildə Əbülfəz Elçibəyin prezident vəzifəsindən uzaqlaşdırılmasına etiraz əlaməti olaraq vəzifəsindən gedib.
Heydər Əliyevin prezidentliyi zamanı siyasi fəaliyyətini Müsavat Partiyasında davam etdirib. 1995-ci ildə mart qiyamında şübhəli bilinərək həbsdə yatıb. Sonradan azadlığa çıxan eks-nazir ölkəni tərk edərək, bir müddət Türkiyə universitetlərində dərs deyib. Oradan Norveçə köçən T.Qasımov daha sonra İsveçə mühacirət edib və hazırda bu ölkədə yaşayır.
T.Qasımovun hazırda elmi işlərlə məşğul olduğu bildirilir. Sabiq nazir Azərbaycan mediası ilə təmas qurmaqdan yayınaraq, bir dəfə buna ehtiyac duymadığını vurğulayıb.
Modern.az