ADP sədri Sərdar Cəlaloğlu 2013-cü il seçki prosesi ilə bağlı Modern.az-a blits-intervyusunu oxuculara təqdim edirik.
-Hal-hazırda 2013-cü il prezident seçkisində iştirakla bağlı bir çoxları namizədliklərini irəli sürməyi planlaşdırır. Belə olan təqdirdə yeni bir formatda seçkidə iştirak mümkündürmü?
-Müxalifət bələdiyyə və əvvəlki prezident seçkisində iştirak etmədi. Axırıncı dəfə müxalifətin 2005-ci ildə seçki koalisiyası yarandı. 2009-cu ildə isə referendumla bağlı yaranıb. Bu da bir növ bizdə problemdir. Biri var dövri olaraq seçki koalisiyaları yaransın, biri də var 10 illik fasilədən sonra. Bu fasilələr zamanı siyasi partiyalar arasında konfliktlər meydana gəldi. Bu da müxalifətin bir araya gəlməsinə imkan vermədi. Bir çox qüvvənin seçki yolu ilə hakimiyyəti dəyişməyə inamı yoxdur. Buna görə də bir araya gəlməyi mənasız hesab edirlər.
-ADP-nin seçki ilə bağlı hansı planları var?
-Biz seçkilərdə mütləq iştirak etmək istəyirik. Digər tərəfdən müxalifətin bir namizədlə iştirakının tərəfdarıyıq. Bu alınmasa, digər variantı dəyərləndirəcəyik. Partiyada iki fikir var: ya ADP seçkidə öz namizədi ilə ya da Qarabağ blokundan bir namizədlə iştirak etmək niyyətindədir. Bu məsələdə hələlik yekun bir fikir yoxdur.
-Eldar Namazov prezident seçkisində ilk dəfədir ki, öz namizədliyini irəli sürür. Özü də müxalif cəbhədə yer almaqla seçkidə iştirakda qərarlıdır. Bu barədə qənaətləriniz necədir?
-Hər bir Azərbaycan vətəndaşının seçilmək hüququ var. Ona görə də kiminsə namizədliyini irəli sürməsi və seçkidə iştirak etməsi qəbahət hesab edilə bilməz. Ona görə də bu cür məsələlər dəyərləndirilməlidir.
-Eldar Namazov son vaxtlar siyasi aktivlik göstərir və mətbuatdan izləyirik ki, “El” hərəkatına hakimiyyət tərəfindən təzyiqlər olur. Bu mənada Eldar Namazov seçkidə hakimiyyətin əsas ciddi rəqiblərindən hesab oluna bilərmi?
-Bu tamamilə gülünc bir şeydir. Ona qalsa İslam partiyasının həbsdə olan çoxlu üzvü var. Və yaxud deyə bilərikmi Nemət Pənahlı hamıdan güclü rəqibdir?! O, altı il müddətinə azadlıqdan məhrum edilib. Hakimiyyətin repressiya eləmədiyi bir siyasi təşkilat və qüvvə varmı? Əlbəttə ki, yoxdur. Hər hansı siyasi qüvvəyə edilən təzyiqlər həmin təşkilat və ya partiyanın güclülüyü kimi dəyərləndirilə bilməz.
Aqşin KƏRİMOV