
Aprelin 9-da Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfiri Elxan Poluxov CAR-ın Pretoriya şəhərində yerləşən ölkə Milli Kitabxanasının rəhbəri, Milli Kitabxanalar Konfransının sədri Con Kvale Tsebe (John Kgwale Tsebe) ilə görüşüb. Səfirlikdən Modern.az-a bildirilib ki, qəbula görə öz təşəkkürünü bildirən E.Poluxov həmsöhbətinə Azərbaycanda sürətlə gedən inkişaf prosesi, dövlət tərəfindən təhsilə, elmin inkişafına verilən diqqət, yeni nəşrlərin çıxması, ölkədə fəaliyyət göstərən kitabxanalar barədə məlumat verib. Azərbaycanda yeni nəşrlərin çıxmasında Heydər Əliyev Fondunun xüsusi rolunu həmsöhbətin nəzərinə çatdıran E.Poluxov, Fond tərəfindən buraxılmış bir neçə kitabı Cənubi Afrika Milli Kitabxanasına hədiyyə edib.
Həmçinin söhbət zamanı ölkəmizin ağrılı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri ətrafənda fikir mübadiləsi aparılıb. Daha sonra səfir Elxan Poluxov həmsöhbətinə iki ölkənin milli kitabxanaları arasında əlaqələri inkişaf etdirməyi təklif edib. Cavab olaraq cənab C.Tsebe belə əlaqələrin hər zaman tərəfdarı olduğu və ölkələr barəsində məlumatların kitabxanalarda yerləşdirilməsi üçün bütün lazımi addımları atmağa hazır olduğunu deyib.
Görüş zamanı Cənubi Afrika Milli Kitabxanasının Afrika qitəsində ən böyük və zəngin kitabxanalardan biri olduğunu bildirilib və dövlət məmurlarının, yerli və xarici vətəndaşların, tədqiqatçıların müxtəlif mövzular barəsində məlumat toplamaq və biliklərinin artırılması məqsədi ilə intensiv istifadə olduğu qeyd edilib. Görüşün sonunda C.Tsebe səfir Elxan Poluxovu kitabxana ilə yaxından tanış edib və bir daha kitabxanaya gəstərilən marağa görə öz təşəkkürünü bildirib.
Modern.az