QHT Əməkdaşlıq Alyansı aprelin 11-də Beynəlxalq Mətbuat Mərkəzində Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılmasının 5 illik fəaliyyətinə həsr edilən ictimai müzakirə keçirib.
Tədbiri giriş səzü ilə açan QHT Əməkdaşlıq Alyansının həmsədri Rufiz Qonaqov toplantının keçirilmə əhəmiyyətindən danışaraq bildirib ki, bu günkü tədbirin məqsədi ölkəmizdə demokratik təsisatların və vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayan QHT Şurasının yaranmasının 5 illik fəaliyyətinə bir daha nəzər salmaqdır. QHT Əməkdaşlıq Alyansı toplantıda həm də milli QHT-lərin daha da təşəkkül tapdığı bu dövrdə hadisələrin necə cərəyan etməsi, nə kimi nailyyətlərə nail olması, bundan sonra görüləcək tədbirlərin nədən ibarət olması barədə geniş ictimai müzakirə açmaq məqsədi güdür.
QHT Əməkdaşlıq Alyansının həmsədri Yadigar Məmmədli mövzu ilə bağlı məruzə edib. Məruzədə bildirilib ki, Azərbaycan Prezidentinin 2008-ci il, 16 aprel tarixli sərəncamı ilə təsdiq edilən QHT Şurasının ötən 5 ildə mükəmməl yol qət edərək vətəndaş cəmiyyətinin inkişafı istiqamətində mühüm işlərə imza atıb. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası bu müddət ərzində milli maraqların qorunması, Konstitusiya və qanunlara, dövlət rəmzlərinə hörmətin formalaşdırılması, eləcə də Azərbaycanın ərazi bütövlüyünün bərpası, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyinin dünyada fəal şəkildə təqdim edilməsi, qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi, azərbaycançılıq ideyasının təbliğ edilməsi, ümumiyyətlə, dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən problemlərin həllinə qeyri-hökumət təşkilatlarının cəlb olunması və onlara məlumat, metodiki, təşkilati–texniki, maliyyə yardımının göstərilməsinə dair yüzlərlə layihənin maliyyələşdirilməsini həyata keçiib.
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanov bildirib ki, Şura bu qəbildən olan ictimai müzakirələri həmişə təqdir edib. QHT Şurası yarandığı gündən cəmiyyətə açıq olmağa çalışıb və şəffaf fəaliyyət göstərib. QHT Şurasının üzvləri və Şura sədri Azay Quliyev onların fəaliyyəti ilə bağlı aparılan diskussiyaların, söylənilən tənqidi fikirlərin ümumi işin yalnız xeyrinə olacağını düşünür və nəticədə QHT sektorunun, vətəndaş cəmiyyətinin inkişafına təkan verəcəyi qənaətindədir.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Vüsal Quliyev çıxışında qeyd edib ki, qeyri-hökumət təşkilatları ilə Azərbaycan hökuməti arasındakı münasibətlərin yeni mərhələsi 2007-ci ildə Azərbaycanda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyasının qəbul olunması ilə başlayıb. Həmin ilin sonunda bu konsepsiyanın reallaşdırılması ilə bağlı zəruri təşkilati tədbirlər görülüb, 2008-ci ildən artıq Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası fəaliyyətə başlayıb. Bu gün Şura hakimiyyətin QHT-lərə dövlət dəstəyi konsepsiyasını uğurla icra edir. Azərbaycan hakimiyyəti artıq QHT-lərə sadəcə, bir tərəfdaş kimi deyil, bilavasitə ölkə vətəndaşlarının təmsil olunduğu kütləvi təşkilatlar kimi baxır, onların bu və ya digər təşəbbüslərini həyata keçirmələrinə maddi dəstək vermək iradəsini ortaya qoyur.
Daha sora çıxış edən millət vəkilləri Əli Məsimli, Yevda Abramov, Adil Əliyev, QHT Əməkdaşlıq Alyansının idarə heyətinin üzvləri və QHT rəhbərləri Şuranın eyni zamanda Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarının inkişaf problemlərinin həlli, müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi, dövlət orqanları ilə qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq münasibətlərinin sabit və effektiv sisteminin yaradılması və nəticədə ölkədə vətəndaş cəmiyyətinin inkişafı sahəsində də əldə etdiyi ciddi nailiyyətlər barədə də geniş müzakirələr aparıblar.
İctimai müzakirənin sonunda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılmasının 5 illik fəaliyyəti ilə bağlı QHT Əməkdaşlıq Alyansının təhlil-açıqlaması toplantı iştirakçıların rəylərini özündə əks etdirən yekun sənəd kimi qəbul edilib.
