Tarix bir daha təsdiq etdi ki, Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının mütləq iradəsini əks etdirən siyasi təşkilat kimi dünənimizin, bu günümüzün və gələcəyimizin partiyasıdır. Ötən əsrin 90-cı illərinin əvvəllərində Yeni Azərbaycan Partiyası ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanı parçalanmaq və məhv olmaq təhlükəsindən xilas etmiş, müstəqilliyimizi qorumuşdur.
Partiyamızın yaranması tarixi hadisə idi. O vaxt gənc Azərbaycan Respublikası çətin günlər yaşayırdı. Müstəqilliyimizin cəmi bir yaşı var idi və müstəqilliyimizin birinci ili çox ağır keçmişdir, bəzi hallarda xalqımız böyük faciələrlə üzləşmişdir. Belə bir vəziyyətdə Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər insanlar, ölkənin gələcəyini düşünən insanlar ölkəmizin nicat yolunu Heydər Əliyevin simasında görürdülər. Məhz müdrik xalqımızın böyük inamı və dəstəyi ilə Ulu Öndər ölkə rəhbərliyinə gətirildi.
Bu dövrdə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizin strateji xəttini müəyyən edən əsas addımlar atılmışdır.
Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə Prezident cənab İlham Əliyev bildirmişdir ki, “Təsəvvür edin ki, Heydər Əliyev hakimiyyətə gələnə qədər Azərbaycan artıq müstəqil dövlət idi, amma bizim Konstitusiyamız yox idi. Konstitusiyanın qəbul edilməsi çox önəmli tarixi hadisədir. Dövlətçiliyin əsasları qoyulmuşdur, dövlət təsisatları düzgün zəmində formalaşmışdır. Biz beynəlxalq aləmdə bizə qarşı olan əsassız mövqeyə düzəlişlər edə bildik, tam aradan qaldırmadıq, çünki beynəlxalq müstəvidə bizə qarşı çox ciddi qüvvələr fəaliyyət göstərirdi. Amma hər halda biz beynəlxalq təcridi, o cümlədən informasiya blokadasını yara bildik, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdıra bildik.”
Yeni Azərbaycan Partiyası Azərbaycanın müstəqil dövlət kimi inkişaf etməsinin və güclənməsinin əsas təminatçısıdır.
Həyat və fəaliyyəti bir fədakarlıq nümunəsi olan Ümumilli Lider Heydər Əliyevin əsas amalı, siyasi vəsiyyəti Dağlıq Qarabağ probleminin həlli olmuşdur. Ümummilli Liderimizin layiqli davamçısı, Partiyamızın Sədri cənab İlham Əliyev ölkə başçısı olaraq Qarabağ probleminin həllini siyasi fəaliyyətinin əsası kimi müəyyənləşdirmiş və bu amal, bu hədəfə doğru əzmlə irəliləmişdir. Nəhayət, 27 sentyabr 2020-ci ildə tarixdən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz öz müqəddəs missiyasına başladı. Xalq-iqtidar-ordu bir yumruq kimi birləşdi və cəmi 44 gün ərzində tarixi ədaləti bərpa etdi, düşməni torpaqlarımızdan qovaraq ərazi bütövlüyümüzü bərpa etdi.
8 noyabr 2020-ci il tarixdə qazandığımız möhtəşəm Zəfərin nəticəsi olaraq bu gün həm Azərbaycan vətəndaşları, həm də bütün dünya azərbaycanlıları başını dik tuta bilir. Artıq yeni dövr yaşayan müstəqil Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzuru yenidən qurur.
Hal-hazırda ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev Azərbaycanı davamlı inkişaf yoluna çıxarmış, ölkəmiz regionda və dünyada öz layiqli yerini tutmuşdur. Ölkəmizdəki bu günkü inkişaf və tərəqqiyə, sabitliyə, təhlükəsizlik və yüksək rifaha Yeni Azərbaycan Partiyasının ideoloji prinsiplərinin həyata keçirilməsi nəticəsində nail olunmuşdur. Azərbaycan ordusunun torpaqlarımızı işğaldan azad etməsi və qazandığı böyük tarixi qələbə də ümummilli liderimiz tərəfindən işlənib hazırlanmış və Yeni Azərbaycan Partiyasının platformasında öz əksini tapmış ordu quruculuğu strategiyasının uğurlu davam etdirilməsinin nəticəsidir.
Bu gün Partiyamızın milli məramı ölkəmiz üçün yalnız yeni uğurlar gətirir, Respublikamızın ictimai-siyasi həyatında partiya mənsubları fəal iştirak edərək xalqımızın birliyi, möhkəmliyi naminə var gücü ilə çalışır. Bu fəaliyyət ölkə başçısı cənab İlham Əliyevin də diqqətindən kənar qalmır. Belə ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən noyabrın 30-da YAP-ın 30 illiyi münasibətilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə bir sıra partiya mənsublarının yüksək fəxri adlarla təltif edilməsi bir daha ölkə səviyyəsində siyasi həmfikirlərimizə və Partiyamıza göstərilən yüksək diqqətin göstəricisidir.
Həbib Misirov
YAP Kəlbəcər rayon təşkilatının sədri