"Fransa Milli Assambleyasının Azərbaycan əleyhinə qəbul etdiyi qətnamə rəsmi Parisin ölkəmizə qarşı həyata keçirdiyi davamlı təxribatın tərkib hissəsidir. Fransanın ardıcıl və sistemli şəkildə atdığı bu addımlar qərəzli və beynəlxalq hüququn norma və prinsiplərinə zidd olmaqla yanaşı, həm də rəsmi Parisin Cənubi Qafqazda sülhün və əminamanlığın təmin olunmasında, insanların dinc və birgəyaşayışında maraqlı olmadığını təsdiqləyir".
Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.
Deputat qeyd edib ki, müstəmləkəçilik siyasəti ilə milyonlarla dinc, günahsız insanların faciəsinə səbəb olmuş, tarixi kütləvi qətliamlarla, soyqırımlarla və digər insanlıq əleyhinə cinayətlərlə dolu olan bir ölkənin parlamentinin Azərbaycana qarşı reallıqdan tamamilə uzaq, bohtan və qarayaxmalarla dolu ittihamlardan ibarət qətnamə qəbul etməsi riyakarlığın ən son həddi kimi qəbul edilməlidir:
“Fransanın, öz müstəmləkəçi keçmişindən və bu günündən utanmaq, qanlı cinayətlərinə görə bütün bəşəriyyətdən üzr istəmək əvəzinə eyni cinayətləri Azərbaycan xalqına qarşı həyata keçirən Ermənistanın yanında yer alması, Azərbaycan xalqını hədəf seçməsi, şübhəsiz ki, təsadüfi sayıla bilməz. Görünür başqalarının torpağına iddia etmək, soyqırım cinayətləri törətmək, günahsız insanları – uşaqları,qadınları, ahılları vəhşicəsinə qətlə yetirmək, mədəniyyət abidələrini məhv etmək Fransa və Ermənistanı bir araya gətirən “dəyərdir”. Fransa hökumətinin üzvlərinin Milli Assambleyada Azərbaycan əleyhinə qətnamələrlə bağlı dinləmələrdə fəal iştirak və əssassız iddialarla çıxış etmələri, parlamentin rəsmi Parisin sifarişini yerinə yetirdiyindən və ölkəmizə qarşı həyata keçirilən təxribatların vahid mərkəzdən idarə olunduğundan xəbər verir”.
Fransa Milli Assambleyasının qəbul etdiyi qətnamənin yalan və böhtandan ibarət olduğunu, heç bir hüquqi qüvvə daşımadığını önə çəkən Azər Kərimli rəsmi Parisin bu addımlarla heç bir nəticəyə nail olmayacağını bildirib:
“Azərbaycan öz haqlı mövqeyindən heç bir halda geri çəkilməyəcək və Fransanın təxribatlarını da unutmayacaq”.