Modern.az

Birgə təlimlər ölkəmizi təhdid edənlərə ciddi mesajdır

Birgə təlimlər ölkəmizi təhdid edənlərə ciddi mesajdır

Aktual

6 Dekabr 2022, 17:08

“İki il öncə dekabrın 10-da Bakı şəhərində keçirilən Zəfər paradı tariximizin qürur səhifələrindən biridir. Zəfər paradı təkcə Azərbaycan xalqı üçün deyil, bütün türk dünyası üçün mühüm hadisə oldu. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Qələbəyə həsr olunmuş möhtəşəm Zəfər paradının keçirilməsi Azərbaycanın şanlı qələbəsinin növbəti əzəmətli və təntənəli nümayişi idi”.

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.


Deputat bildirib ki, Azərbaycan Prezidentinin və Vətən müharibəsində ölkəmizə mənəvi-siyasi dəstək verən qardaş Türkiyənin Prezidentinin qatıldığı paradda “Qarabağ Azərbaycandır!” şüarı bir daha qürurla ifadə olundu. Paraddakı çıxışında Zəfərin qürurunu və sevincini xalqla bölüşən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan əsgər və zabitləri böyük qəhrəmanlıq, şücaət göstərərək şərəfli missiyanı yerinə yetirdi və öz doğma torpaqlarını işğalçılardan azad etdi. Doğma torpaqlarımızın erməni işğalından azad edilməsi üçün döyüşən ordumuzla, qəhrəman oğullarımızla qürur duyuruq!


Millət vəkilinin sözlərinə görə, Azadlıq meydanında bir çox parad keçirilib, amma Zəfər paradı tarixi, siyasi, mənəvi əhəmiyyətinə görə unikal və bənzərsizdir. Prezident İlham Əliyev paradların birində demişdi ki, gün gələcək, işğaldan azad edilmiş torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək. O gün gəldi. 2020-ci il dekabrın 10-da keçirilən Zəfər paradına işğaldan azad edilmiş ərazilərimizdə qürurla və əzəmətlə dalğalandırılan üçrəngli bayrağımız gətirildi. Bu, xalqımızın sonsuz qürur və iftixar mənbəyi kimi dövlətçilik tariximizə qızıl hərflərlə əbədi həkk olunan müstəsna hadisədir. Prezident İlham Əliyev isə Azərbaycan xalqına Qələbə sevinci və Zəfər paradı qüruru yaşadan Müzəffər Ali Baş Komandan və yenilməz Sərkərdə kimi növbəti dəfə şanlı tarix yazdı! 


Fatma Yıldırım qeyd edib ki, Zəfər paradı, həmçinin bir millətin iki dövləti olan Azərbaycan ilə Türkiyənin dostluğunun, qardaşlığının və strateji tərəfdaşlığının rəmzlərindən birinə çevrildi: “Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Bu o demək idi ki,  Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Sevincimizə sevinib, kədərimizə kədərlənən Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəmzi olaraq 2783 mehmetcik ilə Zəfər paradında iştirakı, qardaş ölkənin 44 günlük Vətən müharibəsində Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırdı. “Bir millət, iki dövlət” olan qardaş ölkələrin igidləri yan-yana, çiyin-çiyinə qürurla möhtəşəm qələbə sədaları altında addımladılar. Bu həm də Türkiyə-Azərbaycan qardaşlığının dünyaya yeni bir təqdimatı oldu. İki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesajdır. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisədir. Vətən müharibəsinin ilk saatlarından etibarən Azərbaycan xalqı Türkiyənin dəstəyini hiss etdi. Bütövlükdə, Zəfər paradı ölkəmizin gücünü-qüdrətini, şanlı qələbəsini nümayiş etdirməklə yanaşı, Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu bütün dünyaya göstərdi”.


Millət vəkili bugünlər ölkəmizdə Azərbaycan və Türkiyə hərbçilərinin keçirdiyi hərbi təlimlərin də əhəmiyyətinə toxunub. Onun sözlərinə görə, iki qardaş ölkə çoxsaylı birgə hərbi təlimlər keçirib. Şuşa Bəyannaməsinə əsasən bu hərbi təlimlər davamlı olaraq keçiriləcək. Bu təlimlər həm Azərbaycanda, həm də Türkiyədə təşkil edilib. Təlimlər regional sabitliyin və təhlükəsizliyimizin mühüm meyarıdır. Azərbaycana və ya Türkiyəyə qarşı məkrli planları olanlar bilməlidirlər ki, türk ordusu tək deyil, orada, həmçinin bizim ordu da var. Bizim ordu isə tək deyil, o cümlədən orada türk ordusu var. Milyonlarla soydaşımızın Azərbaycana olan sevgisinin Türkiyə ilə birlikdə cənub sərhədlərimizdə keçirdiyimiz “Qardaş yumruğu” birgə təlimləri zamanı hansı şəkil aldığını birliyimizdən narahat olan qüvvələrə göstərməyin vaxtıdır. Biz bəziləri kimi sözdə və maraqlarımız uyğun gələndə deyil, həmişə bir yerdə hərəkət etdiyimizi, həqiqətən də “bir millət, iki dövlət” olduğumuzu nümayiş etdiririk. Birgə təlimlər, əslində, ölkəmizə qarşı təhdidlərlə çıxış edən dairələrə ciddi mesajdır. Bu o deməkdir ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinə dəstək olacaq!

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?