Modern.az

“Tərtər işi”ndə hərbçilərə böhtan atanlar xalqdan üzr istəsin - TƏKLİF

“Tərtər işi”ndə hərbçilərə böhtan atanlar xalqdan üzr istəsin - TƏKLİF

Aktual

8 Dekabr 2022, 09:54

Uzun müddət gündəmdən düşməyən “Tərtər işi” üzrə məhkum olunan günahsız hərbçilərin tam bəraət alması ətrafında müzakirələr davam edir.

Modern.az-ın məlumatına görə, “Tərtər işi” üzrə ictimai araşdırmanın fəallarından olan Ərəstun Oruclu hərbçilərə böhtan atanların Azərbaycan xalqından üzr istəməsini təklif edib.

O, “Tərtər işi” zamanı işgəncələr nəticəsində dünyasını dəyişən hərbçi Elçin Quliyevin anası Validə Əhmədovadan sitat gətirib:

"Deyir ki, Qasım Məmmədovdan (istintaq qrupunun rəhbəri) soruşdum: "Bəs mənim balamı kim qaytaracaq?". Anadır, ürəyindən keçənləri deyir, amma eyni zamanda da qətliam qurbanlarının hamısına analıq edir və deyir ki, "hamısı mənim balamdır"".
 

Ə.Oruclunun sözlərinə görə, “Tərtər işi”nin açılması üçün min bir əzab-əziyyət qatlaşan Validə Əhmədovaya cürbəcür şər-böhtan atsalar da, onu yolundan döndərə bilmədilər:

"Nələr dedilər ona. Biri mənə yazmışdı ki, oğlu öldürülməsəydi Validə Əhmədova səsini də çıxarmazdı.

Cavab verdim ki, ay alçaq, şərəfsiz, sənin heç kimin öldürülməyib deyə susursan və hələ üstəlik də susmayanlara da qara yaxırsan, hamını öz arşınınla ölçürsən. Validə ananın övladı ölümündən sonra bəraət alanda ona, mərhum övladına böhtan atanlara üzr istəməyi təklif etdim, istəmədilər.

Bu gün artıq bəraət almış qətliam qurbanlarının hamısından, onların ailələrindən, bütün Azərbaycan xalqından üzr istəməklərini təklif edirəm. Üzr istəyin ki, cəzanız bir az yüngül olsun. Üzr istəyin ki, Nazim Bayramovun arxasınca gedəndə sizə az da olsa, mərhəmət göstərməyə əsas olsun. Nə dediyimi yaxşı anlayırsınız, əminəm. Odur ki, nə qədər gec deyil, üzr istəyin".

Xatırladaq ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumu dövlətə xəyanət və digər maddələrlə təqsirli bilinərək məhkum olunmuş ümumilikdə 19 şəxs barəsində olan məhkəmə qərarlarına prokurorluğun müraciəti əsasında yeni açılmış hallarla əlaqədar yenidən baxılıb və həmin qərarlar ləğv edilərək müvafiq məhkəmələrə qaytarılıb.

Bundan sonra müvafiq məhkəmələr tərəfindən həmin işlər üzrə qərarlar ləğv edilib, qeyd olunan şəxslərin dövlətə xəyanət ittihamı üzrə təqsirlilikləri sübuta yetirilmədiyindən onlara bəraət verilib və azadlığa buraxılıblar.

Bəraət alanlar ümumilikdə 19 nəfərdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?