Milli Məclisin deputatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin sədr müavini, qurumdakı Azərbaycan nümayəndə heyətinin rəhbəri, professor Eldar Quliyevin rəhbərliyi ilə Milli Məclisin nümayəndə heyəti Serbiyanın paytaxtı Belqrad şəhərində QDİƏT PA-nın növbəti toplantısında iştirak edib.
Modern.az xəbər verir ki, dekabrın 6-da Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Büro və Daimi komitə iclasları baş tutub, dekabrın 7-də və 8-də isə Baş Assambleya iclasları keçiriləcək.
İclaslarda qurumun maliyyə, təşkilati və digər məsələlərinə baxılacaq, komitələrin məruzələri dinləniləcək, “Geniş Qara dəniz regionunda iqtisadi inkişafın stimullaşdırılmasında parlamentlərin və parlamentlərarası əməkdaşlığın rolu” mövzusunda müzakirələr aparılacaq, müvafiq qərarlar qəbul olunacaq.
QDİƏT PM sədrinin müavini Eldar Quliyev Baş Assambleyanın plenar iclasının dekabrın 8-də keçirilən yığıncağına moderatorluq edəcək, qurumun Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin sədri Musa Quliyev isə Daimi komitənin iclası zamanı rəhbərlik etdiyi komitənin fəaliyyəti barədə məlumat verəcək. Həmçinin, Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin iclasında Musa Quliyev məruzə üzrə tövsiyə qərarını iclas iştirakçılarının diqqətinə çatdıracaq, deputat Ramin Məmmədov isə komitənin məruzəsini iclasda təqdim edəcək.
Deputatların səfəri dekabrın 9-da başa çatacaq.