Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, deputat Pərvin Kərimzadə, Tarix-coğrafiya fakültəsinin müəllimləri və bir qrup tələbəsi 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Rəşad Məmmədovun ailəsini ziyarət edib.
Modern.az xəbər verir ki, görüşdə şəhidin ailəsi və Rəşad Məmmədovun məzunu olduğu Gəncə Dövlət Universitetinin müəllimləri tərəfindən onun həyat yolundan, 44 günlük vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və şücaətindən danışılıb. Şəhidin şərəfli həyat yolunun hər bir gənc üçün örnək olacağı vurğulanıb.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsinin ilk günlərində döyüşə atılan Rəşad Məmmədov 8 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Rəşad Məmmədov ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı, "Cəsur döyüşçü" medalı və "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.