Hər bir insan şəxsdir. Ancaq böyük şəxsiyyətlər tək-tək olur. Hər bir dövlətin, xalqın başında böyük şəxsiyyətin dayanması, onu idarə etməsi də xalq və dövlət üçün xoşbəxtlik, tanrının onlara bəxş etdiyi hədiyyədir. Tarix boyu böyük şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın və qurduğu dövlətin həyatında mühüm önəm daşımışdır. Azərbaycan xalqının belə böyük şəxsiyyəti, tarixi sınaq məqamında xilaskarı olmuş, müasir müstəqil Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyevdir. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir hallarda baş verə bilər. Bu, Azərbaycan xalqının xoş nəsibidir.
Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyil. Bu mənada ulu Öndər, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa, dayaq bildiyimiz böyük azərbaycanlı idi. Onun böyük qürur hissi ilə söylədiyi «Mən fəxr edirəm ki, azərbaycanlıyam!» ifadəsi bütün həyat ideologiyasını, amalını əks etdirir.
Bugün dekabrın 12-də ulu öndərin anım günüdür. 2003-cü ildə Vətən öz böyük oğlunu itirmişdir. Ancaq bu ötən 19 il ərzində Heydər Əliyev siyasəti onun layiqli mənəvi və siyasi varisi tərəfindən davam etdirilmiş, addım-addım irəliləmişdir. Ulu öndərsiz ötən bu illəri onun siyasətinin təntənəsi kimi qəbul etmək olar, bu gün Azərbaycanın uğurla inkişaf etdiyinin şahidiyik. Azərbaycan məhz onun qoyduğu yolla irəliləmiş, bugünkü zirvəsinə ucalmışdır. Bu inkişafın, qələbələrin təməli məhz Ulu Öndər tərəfindən qoyulmuş, onun layiqli davamçısı, Ali Baş komandanımız, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən reallaşdırılmışdır.
Bugün onun xatirəsini yad edən hər bir azərbaycanlı əminliklə deyə bilər ki, Ulu Öndərin ən böyük arzusu gerçəkləşdi.
İndi Ulu öndərin ruhu şaddır: onun özünə layiq oğlu atasının vəsiyyətini və xalqına verdiyi sözü yerinə yetirdi: Qarabağı ata yurduna – Azərbaycana qaytardı. Ruhun şad olsun, Ulu öndər! Qarabağ Azərbaycandır!
Ülviyyə Ağayeva
Milli Məclisin deputatı