Azərbaycanın ekoloji fəallarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin Şuşa-Xankəndi yolunda dinc etiraz aksiyası Türkiyə mediasının da gündəmindədir.
Modern.az xəbər verir ki, azərbaycanlıların Şuşa-Laçın yolunda başlatdığı aksiya ilə bağlı "Haber Global" telekanalı geniş videomateriallar yayımlayıb.
"Qarabağda erməni əhalinin məskunlaşdığı bölgədəki mədənlərin qanunsuz istismarının və bunun nəticəsində ətraf mühitə dəyən ziyanın qarşısını almaq istəyən nümayişçilər Rusiya qüvvələrinin komandanı Andrey Volkovun bölgəyə gəlməsini tələb ediblər. Ötən həftə Rusiya qüvvələrinin komandanlığı ilə aparılan danışıqların nəticəsi olaraq, azərbaycanlı mütəxəssislərin ermənilərin məskunlaşdığı Azərbaycan ərazilərindəki Qızılbulaq qızıl mədəninə və dəmir mis mədəninə baxış keçirməsi razılaşdırılıb. Mütəxəssislər rayona getsələr də, onların mədənlərə girişinin qarşısı ermənilər tərəfindən alınıb", - məlumatda deyilir.