Dekabrın 14-də, saat 18 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər şəxsin minaya düşməsi barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olub.
Modern.az xəbər verir ki, bu barədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Müdafiə Nazirliyinin birgə məlumatında qeyd olunub.
Aparılmış ilkin araşdırmalarla müəyyən olunub ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb.
Həmçinin, müəyyən olunub ki, təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 nəfər hərbçi də minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1-i isə ölüb.
Hazırda faktla bağlı Kəlbəcər hərbi prokurorluğunda araşdırma aparılır.
***
20:00
Kəlbəcər rayonunun Çıraqlı kəndi ərazisində mina partlayışı zamanı xəsarət alanların sayı 6-ya çatıb.
Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Belə ki, hadisə zamanı daha iki nəfərin xəsarət alması müəyyən edilib.
Onlardan biri dünyasını dəyişib.
***
19:37
Kəlbəcərdə mina partlaması nəticəsində 1 nəfər ölüb.
Modern.az xəbər verir ki, hadisə nəticəsində 3 nəfər xəsarət alıb.
***
19:01
Bu gün axşam saatlarında Kəlbəcər rayonunun Çıraqlı kəndi ərazisində infrastruktur layihələrində çalışan 4 nəfərin minaya düşərək xəsarət alması ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub.
Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Hazırda polis əməkdaşları aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birlikdə hadisə yerinə cəlb ediliblər.