Azərbaycanın xarici siyasət kursunda türk dünyasına yönəlik istiqamət sürətlə inkişaf edir. Zəfər savaşından sonra türk dövlətlərinin inteqrasiya prosesində Azərbaycan Türkiyə ilə birgə aparıcı rolu öz üzərinə götürüb. Bu baxımdan rəsmi Bakının Orta Asiya dövlətləri ilə münasibətləri xüsusi önəm kəsb edir. Prezident İlham Əliyevin Özbəkistana səfəri zamanı ölkəmizin bu platformada yüksək mövqeyə sahib olması bir daha sübut olundu. İndi isə dekabrın 14-də Türkmənbaşı şəhərində liderlər İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və Sərdar Berdiməhəmmədovun geniş tərkibdə görüşü də Türk Birliyi siyasətində mühüm əhəmiyyət kəsb edirdi. Azərbaycan-Türkiyə-Türkmənistan arasında inzalanan sənədlər də bu dövlətlərin gələcək münasibətlərində müttəfiqliyi gücləndirməyə xidmət edir.
Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib.
Deputat qeyd edib ki, görüşdə Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. Prezident daha sonra qardaş Türkiyə ilə imzalanan Şuşa Bəyannaməsinə toxunaraq, münasibətlərin strateji müttəfiqlik səviyyəsində olduğunu vurğuladı. Bundan başqa dövlətimizin başçısı Azərbaycan-Türkmənistan əlaqələri haqqında danışaraq, 2017-ci ildə Türkmənistan ilə qəbul olunmuş strateji tərəfdaşlıq haqqında Bəyannaməni yüksək dəyərləndirdi, ölkələrimizin beynəlxalq tədbirlərdə, eləcə də, BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər nüfuzlu təsisatlar çərçivəsində bir-birini dəstəklədiklərini diqqətə çatdırdı. İqtisadi əməkdaşlıqdan danışan Prezident İlham Əliyev 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsinin 45 faiz artaraq 5 milyard dollara çatdığını, Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayə yatırıldığını vurğuladı və cari ildə Türkmənistan ilə ticarət dövriyyəsinin 5 dəfə artdığını söylədi.
Prezident respublikamızın önəmli tranzit ölkəyə çevrildiyini və bunun fonunda Azərbaycan, Türkiyə və Türkmənistanın nəqliyyat-logistika sahəsində böyük uğurlar qazandığını qeyd etdi. Eyni zamanda, Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində görülən işlərə toxunaraq, 2024-cü ildə tamamlanması gözlənilən bu nəqliyyat dəhlizinin əhəmiyyətli dərəcədə imkanlar yaradacığını bildirdi.
Rəşad Mahmudov sonda Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələrinin yüksək səviyyədə qurulduğunu bildirib. Türkiyə ilə keçən il imzalanan Şuşa Bəyannaməsi iki dövlət arasında münasibətləri strateji müttəfiqlikdən də yüksək səviyyəyə çatdırıb. Eyni zamanda, 2017-ci ildə Azərbaycanla Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdı. Ümumiyyətlə, tarixi bağlar üzərində qurulmuş Türk Dövlətləri Birliyi çərçivəsinfə ölkələr arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük imkanlar yaranıb və Azərbaycan bu zəncirdə böyük önəmə malikdir.
Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli formatında görüş qardaş ölkələr arasında münasibətlərin daha da inkişaf etməsinə böyük töhfə vermiş olacaq. Bu prosesdə Azərbaycan Prezidentinin düzgün siyasi və istiqamətverici liderlik mövqeyi xüsusi diqqət çəkir. Ölkəmizin iqtisadi imkanları və siyasi qüdrətindən irəli gələn mövqe üstünlüyü bütün beynəlxalq tədbirlərdə açıq-aydın sezilir. Bu isə Prezident İlham Əliyevin yürütdüyü mükəmməl siyasətin nəticəsidir.