Modern.az

Hərbi prokuror ordudakı əsgər ölümlərindən danışdı

Hərbi prokuror ordudakı əsgər ölümlərindən danışdı

Aktual

9 May 2013, 12:22

“Azərbaycanda hərbi xidmət sahəsində psixoloq ştatlarına ehtiyac var”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycanın hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev verib.

O bildirib ki, psixoloq ştatlarının yaradılması məsələsi Hərbi Prokurorluq tərəfindən də dəfələrlə qaldırılıb. Hərbi xidmət şəraitinin gərgin olduğunu deyən X. Vəliyev qeyd edib ki, orduda psixoloq ştatları olmadan keçinmək mümkün deyil: “ABŞ ordusunda hər yüz min nəfərə düşən intihar hadisələrinin sayı Azərbaycandakı analoji göstəricidən 2-3 dəfə çoxdur. Halbuki, ABŞ hərbi sistemində xidmət edənlərin tam  əksəriyyəti muzdludur. İntihar hadisələri dünyanın hər bir ordusunda var, mülki həyatda da belə hadisələr qeydə alınır. Sadəcə olaraq mülki həyatda baş verən hadisələr cəmiyyətin diqqətini o qədər çox cəlb etmir. Buna görə də intihar hallarının qarşısını almaq üçün yalnız qanunun qüvvəsindən istifadə etmək yetərli deyil. Orduda psixoloq ştatları yaradılmalı və digər tədbirlər görülməlidir. Hər kəs ordudan çox şey istəyir, amma cəmiyyət üzvləri bu məsələdə yetərli aktivlik göstərmir”.

Xəstə əsgərlərin hərbi xidmətə cəlb olunması ilə bağlı sualı da cavablandıran Xanlar Vəliyev təəssüflə bildirib ki, bəzi hallarda hərbi tibbi komissiyalar tərəfindən səhlənkarlığa yol verilir: “Bununla bağlı həm Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidməti həm də Hərbi Prokurorluq tərəfindən zəruri tədbirlər görülür, lazım gələrsə, cinayət işi başlanılır. Müdafiə Nazirliyinin əmrinə əsasən, əsgər hərbi xidmətə gəldikdən sonra ilk aylar ərzində onun daha dəqiq müayinəsi aparılır və bunun nəticəsi olaraq onlarla şəxslər xəstəliyinə görə mülki həyata qayıdır. Elə faktlar da olur ki, gənc hərbi xidmətə sağlam şəkildə gəlir, sonra səhhətinə diqqətsizlik edir, özünü qorumur, xəstələnir. Bu da bəzən çox ciddi nəticələrə gətirib çıxarır”.

X.Vəliyev deyib ki, Azərbaycanda faktiki olaraq ordu quruculuğuna 1993-ci ildən başlanıb, həmin dövrlə indiki dövrü müqayisə edəndə silahlı birləşmələrdə törədilmiş cinayətlərin sayı 100 və 1000 dəfələrlə azalıb.

Hərbi prokuror son illər hərbi hissədə baş verən intihar hallarına qarşı valideynlərin narazılığına da münasibət bildirib. O qeyd edib ki, bu narahatlıqları təbii qarşılamaq lazımdır: “Çünki heç kəs övladının intihar etməsi faktı ilə razılaşmır. Amma bu faktdır və valideynləri işin istintaqı başa çatandan sonra bütün materiallarla tanış edirik və onlar da intihar faktı ilə razılaşırlar. Bəzən məişət problemləri və digər səbəblərdən də intihar halları baş verir. Bunun hamısını yalnız xidmətlə bağlı deyil. Amma sözsüz ki, hərbi xidmətdə hər bir ölüm faktı faciədir və gələcəkdə bunların qarşısını almaq üçün müvafiq işlər görülür”.

Onun sözlərinə görə, bu gün Azərbaycan ordusunda döyüş şəraitində bir dənə də olsun fərarilik halının olmaması sevindirici haldır: “Son illər aparılan mübarizə nəticəsində hərbi xidmətdə intihar hallarının sayı azalır, lakin bu yetərli deyil. Biz çalışacağıq ki, belə halların sayını minimuma endirək. Ölümün səbəbindən asılı olmayaraq hər bir əsgər ölümü faktı ilə bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi açılır, istintaq aparılır. Cinayət işi ilə bağlı ilkin informasiyası ictimaiyyətə açıqlanır, amma sonrakı nəticələr barədə məlumat məhkəmədən əldə oluna bilər”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı