Modern.az

Bu gün görkəmli dövlət xadimi Heydər Əliyevin 90 illik yubileyidir

Bu gün görkəmli dövlət xadimi Heydər Əliyevin 90 illik yubileyidir

Aktual

10 May 2013, 07:36

Bu gün dünya şöhrətli siyasi xadim, Azərbaycanın mərhum eks-prezidenti Heydər Əliyevin anadan olmasının 90 illik yubiley günüdür. Bu münasibətlə Azərbaycanda və dünyanın müxtəlif ölkələrində müxtəlif tədbirlər gerçəkləşdirilir.

Heydər Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olub.

O, Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra 1939-1941-ci illərdə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. 1941-ci ildən Naxçıvan Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan Xalq Komissarları Sovetində şöbə müdiri işləyib. Heydər Əliyev 1944-cü ilin mayında dövlət təhlükəsizliyi orqanlarına işə göndərilib, Leninqradda xüsusi ali təhsil alıb, general rütbəsinədək yüksəlib. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini təyin olunub, 1967-ci ildə isə sədri təyin olunub.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.

1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasətə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev əvvəlcə Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib.

Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri, oktyabrın 3-də isə Azərbaycan Respublikasının Prezidenti seçilib.
H.Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaranıb, müstəqil dövlət quruculuğu prosesi güclənib, 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı alınıb, ölkədə ictimai-siyasi sabitlik bərqərar edilib. Dövlətin xarici siyasəti, eləcə də dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlayıb. 1994-cü ilin mayında o, cəbhədə atəşkəs elan edilməsinə nail olub. 1994-cü ilin sentyabrında Bakıda "Əsrin müqaviləsi" adını almış neft müqaviləsi imzalanıb, Azərbaycan neftinin dünya bazarlarına nəqli sahəsində uğurlu addımlar atılıb, Bakı-Supsa boru kəməri tikilib istifadəyə verilib. Heydər Əliyevin iradəsi sayəsində Bakı-Tiflis-Ceyhan əsas ixrac boru kəməri haqqında müqavilə imzalanıb, onun həyata keçirilməsinə başlanılıb. Ordu quruculuğü işi güclənib.

O, 1998-ci il oktyabrın 11-də ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.

2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürsə də, səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib.

2003-cü il dekabrın 12-də Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat edib. 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı