“Prezident İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli 3587 nömrəli sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilib. Bu sərəncam yüzminlərlə soydaşımızın taleyinə təsir göstərən tarixi sənəddir və hər mənada təqdirəlayiqdir”.
Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən seçilmiş deputatı Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, sözügedən sərəncam Böyük Qayıdışı təmin etməklə yanaşı, işğaldan azad edilən ərazilərin dirçəldilməsi, bu ərazilərə yenidən həyatın qayıtması baxımından mühüm əhəmiyyətə malikdir.
“Otuz il ərzində doğma yurdundan didərgin düşən 1 milyondan artıq soydaşımızın yenidən ev-eşiyinə qayıtması, dövlətimizin qarşısında duran ən mühüm məsələlərdən biridir.
Hazırda Azərbaycan xalqı Böyük Qayıdış dövrünü yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə geniş miqyaslı bərpa və quruculuq işləri sürətlə həyata keçirilir. İşğaldan azad olunduqdan sonra qısa müddətdə bu ərazilər minalardan təmizlənmiş, elektrik və su təchizatı yüksək səviyyədə həyata keçirilmiş, dəmir və avtomobil yollarının çəkilişinə başlanılmışdir.
Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə inkişafına, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bu ərazilərə davamlı səfərlər edərək orada həyata keçirilən layihələrlə yaxından tanış olur, prosesi bilavasitə xüsusi diqqət və nəzarətində saxlayırlar.
Bu cür layihələr işğaldan azad olunmuş ərazilərin sakinləri üçün xüsusi əhəmiyyət daşıyır. 30 il idi ki, insanlarımız səbirsizliklə bu günü gözləyirdilər. Nəhayət həmin gün yetişdi. Artıq yaxın vaxtlarda insanlarımız öz doğma yurdlarına köçəcək, bu yerlərdə həyat yenidən öz axarına qayıdacaq”, - C.Məmmədov bildirib.
Deputatın sözlərinə görə, önəmli məsələlərdən biri də yaşayış binalarının inşası ilə yanaşı, yeni zavod və fabriklərin təməlinin qoyulmasıdır.
“Qarşıda duran mühüm məsələlərdən biri işğaldan azad olunmuş ərazilərdə yeni iş yerlərinin yaradılmasıdır. Respublikanın müxtəlif bölgələrində məskunlaşan insanlarımız hazırda müxtəlif qurumlarda çalışırlar. Onların öz doğma yurdlarına qayıdan zaman işlə təmin olunması çox önəmlidir. Ona görə bütün işlər paralel aparılır”.
C.Məmmədov bildirib ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi ilk missiya bu ərazilərdə kitabxanalar, mədəniyyət evləri, klublar, muzeylər, uşaq musiqi məktəbləri daxil olmaqla, 180 mədəniyyət obyektini müəyyənləşdirib və onların hamısının tamamilə dağıdılmış vəziyyətdə olduğunu qeydə alıb.
“Azad edilmiş ərazilərdəki bütün məscidlər dağıdılıb, bəziləri tövləyə çevrilib. Azərbaycanın tolerantlıq ənənələrinin nə qədər güclü olduğu bütün dünyaya bəllidir. Zərrə qədər şübhə yoxdur ki, Azərbaycan dövləti azad edilmiş quruculuq işləri apararkən müvafiq mədəniyyət infrastrukturu yaradılacaq və bütün tarixi-mədəni abidələri bərpa olunacaq”.