“İstər Milli Məclisin deputatı olduğum dövrdə, istər Naftalan şəhər İcra Hakimiyyətinin başçısı işlədiyim zamanda, istərsə də 11 il işsiz qaldığım müddətdə, ümumiyyətlə, siyasətlə məşğul olduğum 35 ildə heç vaxt vəzifədən gedənin arxasınca danışmamışam. Eyni zamanda, şəxsən tanımadığım məmur vəzifə kürsüsünə qalxanda onu tərifləməmişəm”.
Modern.az-ın məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyası (YAP) Təftiş Komissiyasının üzvü, sabiq deputat, keçmiş icra başçısı Musa Musayev Naxçıvan MR Ali Məclisinin eks-sədri Vasif Talıbovun istefasından danışarkən bildirib.
Vasif Talıbov mövzusunun hazırda gündəm olduğunu qeyd edən M.Musayev onunla heç vaxt görüşmədiyini vurğulayıb. Bununla yanaşı, M.Musayev KİV-də və sosial mediada Vasif Talıbovla bağlı bəzi yazılara etiraz edib.
“Qiyabi olaraq bir-birimizi təbii ki, tanımışıq. Onun qardaşı Məhərrəm Talıbovu 1993-cü ilin fevralında və 1993-cü ilin iyununda Ulu öndərin şəxsi mühafizəsində görmüşəm. Mənim məqsədim onları müdafiə etmək deyil, qətiyyən! Vasif Talıbov özü istefa verib, çox düzgün addım atıb, hətta bir az gecikib.
Cənab Prezident ölkədə islahatlara başlayanda Ramiz Mehdiyevi, Hacıbala Abutalıbovu, Əli Həsənovu və digərlərini yola salanda, bu, hər bir dövlət məmuruna mesaj idi. Bundan bütün məmurlar nəticə çıxarmalı idilər. Hər bir işin vaxtı, vədəsi, zamanı yetişəndə lazımi addım atılarsa, daha yaxşı olur.
Son günlər istər mətbuatda, istər internet televiziyalarında, istərsə də sosial şəbəkələrdə Vasif Talıbovun işdən çıxması, xəstəliyi və ailə üzvləri barədə xoşa gəlməyən, intellektimizə yaraşmayan, mənəviyyatımıza uyğun gəlməyən təhqiramiz yazılar və paylaşımlar gedir. Bu hal qəbuledilməzdir”.
M.Musayev dünən bir internet kanalında naxçıvanlı ziyalıların çıxışına baxaraq, təəsüfləndiyini bildirib.