Modern.az

Azərbaycan cəmiyyəti bütün vədləri gerçəkləşdirən siyasətçini görür - Deputat

Azərbaycan cəmiyyəti bütün vədləri gerçəkləşdirən siyasətçini görür - Deputat

Aktual

23 Dekabr 2022, 11:16

“Bu gün müstəqil Azərbaycan dövləti möhtəşəm nailiyyətlərə, zəfərlərə imza atır. Son 19 il ərzində Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən səmərəli sosial-iqtisadi siyasət, dərin islahatlar strategiyası Azərbaycanın dayanıqlı inkişafını təmin edib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Azərbaycan cəmiyyəti və bütün dünya Prezident İlham Əliyevin timsalında praqmatik, hadisələri, prosesləri dəqiq qiymətləndirən, mühüm məsələlərin elmi cəhətdən əsaslandırılmış həlli yollarını təqdim edən, verdiyi bütün vədləri gerçəkləşdirən siyasətçini görür”.

 

Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

 

Fatma Yıldırım bildirib ki, ötən dövr ərzində keçilən yol təsdiqləyir ki, cənab Prezident İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, Öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi Liderdir. Prezident İlham Əliyev 2003-cü ildə ilk
dəfə dövlət başçısı seçilərkən qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olunması üçün istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət həyata keçirib və "güclü dövlət" konsepsiyasını reallaşdırmağa nail olub. Prezident İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi, öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli
siyasi etika nümunəsi təqdim etdi. Milli ləyaqət, milli qürur uğurlarımızın əsas şərtləri oldu. Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı. Prezident İlham Əliyev beynəlxalq münasibətləri nəzəri və empirik səviyyədə dərindən bildiyi üçün islamofob dairələrin və antiazərbaycançı mərkəzlərin ölkəmizdə yaratmaq istədikləri “idarə olunan xaos” planını məharətlə pozdu. Xalqımızı etnik, siyasi və ideoloji qarşıdurmadan qorudu. İlham Əliyev islamofobların və infoimperialistlərin müsəlman şərqində uğurla həyata keçirdikləri “lidersizləşdirmə, ideologiyasızlaşdırma və dövlətsizləşdirmə” siyasətinin ölkəmizdə həyata keçirilməsinin qarşısını ustalıqla aldı. Bu hücuma qarşı dəqiq və olduqca incə düşünülmüş milli vətənpərvərlik, milli mənəviyyat və milli ailə sipərini çəkdi.

 

Azərbaycanın sosial dövlət olduğunu söyləyən millət vəkilinin sözlərinə görə, dövlət başçısının müəyyənləşdirdiyi bu siyasi xəttə uyğun olaraq ölkənin iqtisadi-maliyyə imkanlarının artmasına adekvat olaraq vətəndaşların sosial müdafiəsinin möhkəmləndirilməsinə yönələn tədbirlərin əhatə dairəsi də davamlı şəkildə genişləndirilir. Son 19 ildə respublikamızda əməkhaqları, pensiyalar mütəmadi qaydada artırılıb, pandemiya dövründə böyük sosial paketlər icra olunub. Xüsusilə, şəhid ailələri və qazilərə qayğı daim diqqət mərkəzindədir.

 

Deputat qeyd edib ki, Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün tam təmin edilməsinə nail olmaq Prezident İlham Əliyevin fəaliyyətində ana xətti təşkil edib. Həmişə milli maraqlardan çıxış edən dövlətimizin başçısı heç vaxt Ermənistanın ötən əsrin 90-cı illərinin əvvəllərində güc tətbiq etməklə Azərbaycan torpaqlarını işğal etməsi faktı ilə barışmayıb: “Respublikamız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsini şanlı qələbə ilə başa vurdu. Silahlı Qüvvələrimiz torpaqlarımızın xeyli hissəsini bilavasitə döyüş meydanında işğaldan azad etdi. 2020-ci il noyabrın 8-də Şuşanın, ertəsi gün isə daha 70-dən çox yaşayış
məntəqəsinin geri qaytarılmasından sonra düşmən müharibəni davam etdirmək iqtidarında olmadığını başa düşərək onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Həmin sənədə əsasən, işğalçı Ermənistan sonrakı mərhələdə Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz respublikamıza təslim etdi. Vətən müharibəsində qələbəmizin memarı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Dövlətimizin başçısı Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Lider kimi adını əbədi olaraq tarixə yazdırdı, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı və 44 günlük Vətən müharibəsinin əsl
qəhrəmanına çevrildi. Bu gün isə işğaldan azad edilmiş torpaqlarımızda böyük quruculuq işləri həyata keçirilir. Yeri gəlmişkən, dekabrın 24-ü cənab Prezident İlham Əliyevin doğum günüdür. Bu münasibətlə dövlətimizin
başçısını ürəkdən təbrik edir, Ona möhkəm cansağlığı, yeni mərhələdə Azərbaycanımızın inkişafı yolunda yeni-yeni nailiyyətlər arzulayıram!”.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?