Modern.az

Su ehtiyatlarının idarə edilməsi müzakirə olundu

Su ehtiyatlarının idarə edilməsi müzakirə olundu

Aktual

23 Dekabr 2022, 17:40

“Kənd təsərrüfatının davamlı inkişafı naminə aqrar sahədə su ehtiyatlarının idarə edilməsinin təkmilləşdirilməsi” layihəsi çərçivəsində seminar keçirilib. Kənd Təsərrüfatı Nazirliyinin benefisiarı olduğu sözügedən layihə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) maliyyə dəstəyi ilə həyata keçirilir.

 

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Modern.az-a bildirilib ki, seminarda Azərbaycanda su ehtiyyatlarının hazırki vəziyyəti, səmərəli istifadəsi, qlobal iqlim dəyişikliyinin su ehtiyatlarına təsiri və bu məsələlərin həllində sektorlararası əməkdaşlıq və koordinasiyanın rolu barədə müzakirələr aparılıb. Seminarın gündəliyi Azərbaycanda su ehtiyatlarının hazırki vəziyyətini qiymətləndirmək və səlahiyyətli qurumlar arasında koordinasiyanın gücləndirilməsinə istiqamətlənib.

 

Tədbiri açan Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Firidun Tağıyev su resurslarının kənd təsərrüfatının inkişafı üçün əhəmiyyətindən bəhs edib. Bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli Sərəncamı ilə “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”na əsasən ölkənin su ehtiyatlarının qiymətləndirilməsi, sudan qənaətli istifadəni təmin edən müasir suvarma texnologiyalarının təşviqi, iqlim dəyişikliklərinin içməli su təchizatına mümkün təsirlərini minimuma endirilməsi əsas prioritet məsələlərdən biri olaraq qalır. Eyni zamanda, qlobal iqlim dəyişmələrinin təsiri ilə su ehtiyatlarının davamlı azalması fonunda, bu sahədə idarəetmənin təkmilləşdirilməsi istiqamətində aktiv müzakirələrin aparılması vacibdir.

 

Seminarda çıxış edən su idarəetməsi üzrə beynəlxalq mütəxəssis, Arizona Dövlət Universitetinin professoru Olcay Ünver deyib ki, məhdud resurs olmasına baxmayaraq su mövzusu daim öz aktuallığını qoruyub saxlamaqdadır: “Bugünkü seminarda su ehtiyyatlarının idarə edilməsi yolları, enerji, qida təhlükəsizliyi, kənd təsərrüfatı, ətraf mühit, sağlamlıq və praktiki məsələlər həll yollarını tapmağımız üçün əsas müzakirə mövzumuz olacaq. seminarın iki panel mövzusu növbəti il BMT-nin beynəlxalq Su Konfransının əsas mövzularından biridir. İnanıram ki, konfransda aparılacaq müzakirələr su ehtiyatlarından səmərəli istifadə və bu sahədə əməkdaşlığın gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər baxımından faydalı olacaq”.

 

Nazirlər Kabineti yanında Su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyanın nümayəndəsi İlqar Poladov tədbirlər planına əsasən görülən işləri və planlaşdırılan addımları diqqətə çatdırıb. Qeyd edib ki, su ehtiyatlarının artırılması və bərpası üzrə fəaliyyətlər davam edir: “Xüsusilə Mərkəzi Aran, Şirvan, Mil-Muğan zonasının texniki iqtisadi əsaslandırılma prosesindən sonra bu zonada fəaliyyətlərin həyata keçirilməsi planlaşdırılır. Digər prioritetlərə əsasən ölkədə yeni 10 su anbarının yaradılması və təmir bərpası nəzərdə tutulur”.

 

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Meliorasiya və Su Təsərrüfatı ASC, “Azərenerji” ASC, “Azərsu” ASC, Azərbaycan Fermerlər Assosasiyası, qeyri-hökumət təşkilatları, özəl sektor, AMEA və beynəlxalq təşkilatların nümayəndələri təqdimatlarla çıxış ediblər.

 

Seminar çərçivəsində su resurslarının istifadəçiliyində maraqlı tərəflərin interaktiv müzakirəsi aparılıb.

 

Qeyd edək ki, həyata keçirilən layihənin əsas məqsədi Azərbaycanda su ehtiyatlarının idarə olunması üçün təhlil, planlaşdırma və koordinasiya sahəsində milli imkanları gücləndirməkdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?