Prezident İlham Əliyevin Facebook səhifəsində vətəndaşlara ünvanlanan müraciətdən sonra ölkə başçısına sosial şəbəkə istifadəçiləri tərəfindən xeyli sayda şərh yazılıb. Modern.az-ın məlumatına görə, prezidentin rəsmi səhifəsində vətəndaşlara “İnformasiya Texnologiyaları ili”ni nəzərə alıb, sualları bu sahədən vermək tövsiyə olunsa da, Facebook istifadəçiləri müxtəlif mövzularla bağlı təklif və istəklərini bildiriblər.
Facebook üzvlərinə ünvanlanan müraciət 2 mindən çox istifadəçi tərəfinən bəyənilib. Vətəndaşların dövlət başçısına ünvanladığı suallar daha çox sosial problemlərlə bağlıdır. Minimum əməkhaqqının az olması, yolların təmiri, müəllimlərin maaşının artırılması və s. problemlərlə bağlı vətəndaşlar təkliflərini Facebook-da prezidentə bildiriblər.
Prezidentə Azərbaycan vətəndaşları ilə yanaşı, Türkiyə və İran vətəndaşları da müraciət edərək viza rejiminin aradan qaldırılmasını istəyiblər.
Qeyd edək ki, prezidentin Facebook səhifəsindən vətəndaşlara edilən müraciətdən 3 saat keçməsinə baxmayaraq 1000-ə yaxın təklif gəlib.
A.RÜSTƏMOV