Modern.az

Parlament müxalifətindən YAP-ın qurultayı haqda – RƏYLƏR

Parlament müxalifətindən YAP-ın qurultayı haqda – RƏYLƏR

Aktual

6 İyun 2013, 17:48


İyunun 7-də YAP-ı qurultayı keçiriləcək. Qurultayda dövlət başçısı İlham Əliyevin 2013-cü il prezident seçkisində iştirak etməsi üçün namizədliyini irəli sürməsi gözlənilir. Modern.az prezident İlham Əliyevin növbəti dəfə namizədliyinin irəli sürülməsi ilə bağlı parlamentdə təmsil olunan müxalifət partiyalarından münasibət öyrənib. Bu siyasi partiyalar məsələni necə qarşılayır? Sorğunun cavablarını təqdim edirik.

Ədalət Partiyasının sədri, millət vəkili  İlyas İsmayılovun cavabı belə olub: “Mən başqa partiyaların işinə qarışmıram. YAP öz qurultayını çağırıb. Nə məsələni həll edəcəklər özləri bilərlər. Mən bu haqda bir şey deyə bilmərəm”.

Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə isə buna qarşı olduğunu bildirdi. “Biz referendum komitəsində olarkən üçüncü dəfə namizədliyin irəli sürülməsinə qarşı idik və bu gün də həmin mövqeyimizdə qalırıq. Hesab edirik ki, bu cür məsələlərə Konstitusiyanın geniş səlahiyyətləri çərçivəsində ifrat hüquqlar verilir ki, bu da olduqca zərərlidir. Cəmiyyətdə şəffaf fəaliyyət və demokratiya üçün də əngəldir. Bu istiqamətdə mövqeyimizi bildirmişik. Ancaq Azərbaycan Konstitusiyası 2009-cu ildə referendumla dəyişdirildi. Bizim hansı fikir söyləməyimizdən asılı olmayaraq bu hüquq Konstitusiya ilə verilir. YAP-dan bundan istifadə edib öz namizədini irəli sürəcək. Biz istəyirik ki, YAP seçkilərdə inzibati resurslardan və hakimiyyətdəki mövqeyindən istifadə etməsin. Tərəflərin hamısına bərabər şərait yaradılmalıdır. Seçkidə hamının iştirakına imkan verməklə əslində gerçək bir demokratik seçki keçirilə bilər. Amma təəssüflər olsun ki, bunlar hamısı arzulardır”.

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa İlham Əliyevin namizədliyini irəli sürməsini Konstitusiyaya uyğun hesab edir. “Çünki Konstitusiyaya dəyişiklik olunub. Bu həm də ömürlük prezidentlik məsələsi də deyil. Birbaşa olaraq namizəd irəli sürməyə verilən hüquqdur. Seçilib-seçilməmək artıq sonrakı mərhələnin işidir. Amma bütövlükdə qanuna zidd heç bir məqam yoxdur”. 

Milli Dövlətçilik Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev də prezident İlham Əliyevin üçüncü dəfə namizədliyini irəli sürməsini müsbət qarşılayır və bunu normal hesab edir. “Mən YAP-ın qurultayının keçirilməsinə və onların namizədinin irəli sürülməsinə də normal baxıram. Hesab edirəm ki, hər bir partiya seçkilərdə normal iştirak etməlidir. Ölkədə siyasi rəqabəti düşmənçiliyə çevirməyin tərəfdarı deyiləm. Siyasi rəqabət insanlara qarşı  fərdi şəkildə etirazdan, antipatiyadan ibarət olmalı deyil. Platforma və komanda davası olmalıdır. Seçkidəki rəqabət də məhz bu xarakterdə olmalıdır. Seçki ərəfəsində rəqabət mövsümi xarakter daşımalıdır. Seçkidən sonra hər kəs münasibətləri normal saxlamalı və ölkənin inkişafına xidmətlərini verməlidir. Ölkədəki dəyişikliklər mütləq seçki yolu ilə olmalıdır. Xarici ölkələrdə quraşdırılmış və oradan qaynaqlanan təşkilatların iradəsi ilə ölkədə dəyişiklik olmamalıdır. Partiyalar fəaliyyətində milli mövqeləri müdafiə edəcək bir plan hazırlamalıdır”.

Aqşin KƏRİMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! Türkiyəyə uçan Rusiya təyyarəsində bomba həyəcan