Prezident İlham Əliyevin sərəncamı ilə Quba rayonu, Qırmızı qəsəbə Dağ yəhudiləri dini icmasının sədri Boris Simanduyev xalqlar arasında dostluq münasibətlərinin inkişafındakı səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
Bu gün Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) ölkədə fəaliyyət göstərən dini konfessiyaların rəhbərlərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Boris Simanduyevə “Şöhrət” ordeninin təqdim edilməsi mərasimi keçirilib.
Təqdimat mərasimində çıxış edən DQİDK sədri Elşad İskəndərov bildirib ki, Azərbaycan tarixən müxtəlif xalqlar və dinlərə mənsub insanların qarşılıqlı hörmət və tolerant şəkildə birgə yaşadığı məkandır. Tarixin bütün dövrlərində Azərbaycanda dinlərarası heç bir problem yaşanmayıb.
Ölkə prezidentinin sərəncamı ilə Quba rayonu, Qırmızı qəsəbə Dağ yəhudiləri dini icmasının sədri Boris Simanduyev xalqlar arasında dostluq münasibətlərinin inkişafındakı səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilməsi bir daha sübut edir ki, ölkəmizdə dinindən, milliyyətindən asılı olmayaraq bütün insanlar üçün bərabər şərait mövcuddur. Dövlət Komitəsinin sədri Azərbaycanda yəhudi və müsəlmanların uzun illərdir birgə yaşadığını, hətta Oğuz rayonunda yəhudilər getdikdən sonra belə iki sinoqoqun müsəlmanlar tərəfindən qorunub saxlanması faktorunu önə çəkərək bu hadisəni tolerantlığın ötəsində olan bir addım kimi qiymətləndirib.
Çıxış edən Qırmızı qəsəbə Dağ yəhudiləri dini icmasının sədri Boris Simanduyev ölkə başçısının bu sərəncamını yüksək qiymətləndirərək prezidentə təşəkkür edib. Bildirib ki, bu mükafat təkcə ona deyil, bütün Qırmızı qəsəbə Dağ yəhudilərinə verilən qiymətdir.
Dini konfessiya rəhbərləri çıxış edərək Boris Simanduyevi təbrik edib ona gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Qeyd edək ki, “Şöhrət” ordenini Boris Simanduyevə DQİDK sədri Elşad İskəndərov təqdim edib.

Modern.az