Modern.az

“Taksim qiyamı” ilə bağlı azərbaycanlı ekspertlərin RƏYİ

“Taksim qiyamı” ilə bağlı azərbaycanlı ekspertlərin RƏYİ

Aktual

8 İyun 2013, 15:44


Türkiyədə son günlər cərəyan edən proseslər dünyanın diqqətini bu ölkəyə yönəldib. Artıq bir neçə gündür Azərbaycan mediasında da Türkiyədə yaşanan olaylar əsas müzakirə obyektinə çevrilib. Azərbaycan baxış bucağından ən yaxın müttəfiqimiz Türkiyədə gedən proseslərə Modern.az bir neçə tanınmış şəxsdən münasibət öyrənib. “Bu gedişat Türkiyədəki aparıcı siyasi partiyaların nüfuzuna necə təsir edə bilər?” sualı əsasında keçirdiyimiz sorğunun cavablarını təqdim edirik.

Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili Gövhər Baxşəliyeva bildirib ki, bu haqda dəqiq bir şey söyləmək çətindir. “Çünki şərhlər ehtimal üzərində qurulur. Amma hesab edirəm ki, baş verən hadisələr Türkiyənin heç də xeyrinə deyil. Bu iğtişaşların tezliklə yoluna qoyulmasını arzu edirəm. Digər tərəfdən Türkiyədə Suriyadan, o cümlədən  ərəb ölkələrindən olan çoxlu insan var. PKK üzvləri də çoxdur. Bunlar hamısı hadisələri qızışdırır. AKP bu gün çox böyük nüfuza malikdir. Küçələrə çıxıb etiraza qoşulanlar Türkiyə əhalisinin çox cüzi bir hissəsidir. Türkiyə əhalisinin isə böyük əksəriyyəti AKP-ni dəstəkləyir. Bunun nəticəsi olaraq neçənci dəfədir ki, hakim partiya hökumətdə təmsil olunur. Bunu mütləq nəzərə almaq lazımdır. Bundan başqa Ərdoğan Şərq aləmində populyarlığına görə siyasi liderlər arasında birinci yerdədir. Xüsusilə Fələstin məsələsinə görə tutduğu mövqeyə görə ona böyük simpatiya yarandı. Ona görə düşünürəm ki, Türkiyədəki hadisələr hansısa anlaşılmazlıqdan və səhv addımdan irəli gəlir. Müxalif partiyalar isə həqiqətən Türkiyənin köklü mənafelərini düşünürlərsə, bir qədər kənara çəkilsinlər və iğtişaşlara dəstək verməsinlər”.

Tanınmış jurnalist, media eksperti Qulu Məhərrəmli qeyd edib ki, hər bir siyasi partiya müəyyən reytinq qazanmağa və hadisələrə təsir etməyə, onu bu və ya başqa formada yönəltməyə çalışır. “Ancaq bu məsələdə ən çox nəticə çıxardası partiya AKP-dir. Çünki bu partiyanın özündə qəti əminlik var idi ki, kütlə arasında heç bir etiraz yoxdur. Amma son proseslər göstərdi ki, AKP ölkədə həm islahatlar, həm daxili problem, həm də söz və mətbuat azadlığı ilə bağlı müəyyən məsələlərdə siyasətini korrektə etməlidir. Hər halda bugünkü Türkiyə üçün AKP önəmli hesab olunur. Onun kifayət qədər sosial bazası var. Ancaq hadisələr hər şeyin ideal olmadığını göstərdi. Zamanın diktəsi və bu cür hadisələrin meydana çıxması partiyanın öz siyasətində dəyişiklik etməsini şərtləndirir”. Media eksperti Türkiyədəki digər partiyalar haqqında da qənaətlərini bölüşüb: “Mənə elə gəlir ki, MHP-nin bu hadisələrdə uduşu oldu. Çünki daim MHP AKP-ni ölkənin inkişafı və milli məsələlərlə bağlı tənqid edir. Həmişə konseptual müddəalar irəli sürür. Lakin bütövlükdə uduş haqqında danışmaq olmaz. Çünki bu cür hadisələrin nəticəsində uduzan Türkiyə olacaq. Azərbaycandan bizim baxışımız ondan ibarətdir ki, bu cür situasiyalardan Türkiyə uduşla çıxmalıdır. Bu həm də  ölkə içərisində milli həmrəyliyi gücləndirməlidir”.

Professor, tarixçi Cəmil Həsənli isə məsələ barədə dəqiq bir rəy verməyin tez olduğunu bildirdi. “Hesab edirəm ki, bu barədə fikir bildirmək tezdir. Hadisələr hələ davam edir. Hadisələr başa çatdıqdan sonra müəyyən qənaətə gəlmək olar. AKP-nin nüfuzuna xələl gəlməsi barədə isə hələlik heç bir şey düşünmürəm”.

Xatırladaq ki, Türkiyədə Gəzi parkının sökülməsinə etiraz əlaməti olaraq günlərdir aksiya keçirilir. Dörd nəfərin öldüyü bildirilir.

Aqşin KƏRİMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı