Modern.az

YAP-dakı dəyişikliyin sirri, müxalifətə gələn təbrik məktubu...

YAP-dakı dəyişikliyin sirri, müxalifətə gələn təbrik məktubu...

Aktual

8 İyun 2013, 16:37

 Namidə Bingöl       
                                                                                                                                     

Həftənin subyektiv icmalı  

Fərqli fikir sahibləri bir arada ortaq məxrəcə gələ bilmədilər. Yolun finiş nöqtəsində hər şey bəlli oldu. Görünür ya onlar nə istədiklərini bilmir ya da istəklərinin reallığa çevrilməsi absurddur. Çayın o başında keçirilən mərasimdə isə hədəflər də bəlli oldu, hədəfə doğru atılan addımlar da. Sözümün canı var. Yazını sonuna qədər oxusanız, nə demək oduğumu anlayacaqsınız.

Milli Şurada milli ayrı-seçkilik

100-ə dözən 101-ə də dözər deyib atalarımız. Amma bu fikirlər yeni təsis edilən Milli Şurada tam olaraq özünü doğrultmadı. Siyasi düşərgənin oğuz igidləri bir araya gəlib birlik nümayiş etdirməyə çalışdılar. Yenə də həyəcanlı çıxışlar, bəyanatlar səsləndi. Bəzilərinin sözü qarşı tərəfin boğazından keçmədi, bəzilərinin  fikirləri havada qol-qanad açıb oynadı, bəziləri də siyasi mövqedən çıxış edərək  rəqib siyasi həmkarlarını özlərinə güldürməməyə çalışdı. Beləliklə, savaşa-savaşa, vuruşa-vuruşa da olsa Milli Şura təsis edildi.

Bu arada aylardır bir addımlayan müxalifətçi qardaşların bir neçə nümayəndəsi Milli Şuranın iclasına  qatılmadı. “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn və DEVAMM (Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiəsi Mərkəzi) sədri Hacı İlqar İbrahimoğlu. 
Milli Şuranın təsis günündə bu üçlük niyə görünmədi? Həmişə müxalifətsayağı çıxışlar edən bu kəsləri fürsəti əldən qaçırmağa nə vadar etdi? Görünür, örtülü qalan hansısa mətləblər var. O mətləblərin açılması görəsən, qurulan tələnin növbəti siyasi oyunu olmayacaq ki?!

Milli Şurada bəysiz toy ab-havası?!

Yaşadığımız zəmanə bir az özünəməxsus dəbi ilə seçilir. İstəyirsən cırıq şalvarda gəz, istəyirsən yamaqlı köynəkdə. Heç kəs səni ələ salıb gülməyəcək. Elə milli toy adətlərimiz də formasını dəyişib. Kimi özünə “qondarma ər” düzəldir ki, sonra deməsinlər filankəsin qızı evdə qalıb. Hətta pulla satın alınan nə qədər desəniz bəylik kürsüsündə əyləşən bəyciklərimiz var. Vay o günə ki pulla satın alınan bəy toyda iştirak etməyə. Milli toylarımızın Milli Şuraya dəxli olmasa da, hər halda dəxlisiz də deyil. O səbəbdən ki, Milli Şura ideyasının müəllifi, həmtəsisçisi olan Rüstəm İbrahimbəyov öz taleyüklü məsələsinin həyata keçirilməsində iştirak etmədi. Çox maraqlıdır. Rüstəm İbrahimbəyov Milli Şuranın təsis gününə qatılsaydı, nə baş verərdi?! Buna baxmayaraq, baş verən baş verdi. Rüstəm İbrahimbəyovun vahid namizəd məsələsini birmənalı şəkildə dəstəkləyən Leyla Yunusun fikirlərini əksəriyyət səsə qoymadı. Görünür, Milli Şuranın yaranıb təsis edilməsinə baxmayaraq, fikir ayrılıqları hələ də mövcuddur. Əslində 20 ildir hakimiyyətə gəlmək istəyən müxalifət nümayəndələri  bərabər addımlasalar da, hər kəs tikəni öz qabağına çəkməyə çalışır. Elə indiki durum da eynilə həmin vəziyyəti xatırladır. Nəhayət uzun sürən müzakirələrdən sonra Demokratik Qüvvələrin Milli Şurasının sədri  Rüstəm İbrahimbəyov seçildi. Özü orda olmasa da təbrik məktubu gəlib çıxdı.

Erməniyə dəstək olaq, yoxsa ?!

Dövlət Neft Şirkətinin ( ARDNŞ) prezidenti Rövnəq Abdullayevin şok açıqlaması gündəmin  əsas xəbərinə çevrildi. “Azərbaycan Ermənistana qaz verə bilər” deyən  Rövnəq Abdullayevin bu fikirləri birmənalı qarşılana bilməzdi. Çünki ermənilərə verəcəyimiz nəsə yoxdu, alacağımız nəsə var. O da dədə-baba torpaqlarımızdı. 20 ildir bizə bələdçilik edən ATƏT-in Minsk qrupu torpaqlarımızın işğaldan azad edilməsinə sözdə çalışır. Biz isə heç nəyə əsaslanmadan sözdə  işğalçı bir dövlətə qaz verməyə belə, hazırıq.

YAP-dan müxalifətə sərt mesaj

İyun ayının 7-də prezident İlham Əliyev YAP-nın sədri seçildi. Millət vəkili Mehriban Əliyeva da YAP-ın sədr müavini seçildi. Eyni zamanda İlham Əliyevin 3-cü dəfə prezidentliyə namizədliyi rəsmən irəli sürüldü. YAP-da bir sıra struktur dəyişikliyi edildi. YAP-ın 5-ci qurultayında çıxış edən prezident İlham Əliyev müxalifətin son vaxtlardakı hərəkətlərinə də münasibət bildirdi.
”Azərbaycanda elə qüvvələr var ki, hakimiyyətə gəlmək üçün hər cür qrupla əlaqəyə girməyə, onların maraqlarını qorumağa hazırdırlar. Hətta onlar hakimiyyətə gəlmək üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində güzəşt etməyə hazırdırlar”.
Bu, prezidentin mesajı idi, şübhəsiz nə dediyinin fərqindədir. Kürsü uğrunda ölüm-dirim mübarizəsi aparmaqla xalqın sevgi və rəğbətini qazanmaq olmaz. Sonda əsas sözü xalq deyir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı