Azərbaycanda çimərlik mövsümü artıq başlanıb. Hər il olduğu kimi bu il də müxtəlif dövlət qurumlarının xəbərdarlıqlarını eşidirik. Filan yerdə su çirklidir, filan yerdə çimmək olmaz və s.
Əlbəttə ki, bu xəbərdarlığı nəzərə alanlar da var, qulaq ardına vuranlar da. Bəlkə Siz də bunun dəfələrlə şahidinə və ya iştirakçısına çevrilirsiniz. Əhalinin bəlkə 95 faizinin heç bu xəbərdarlıqlardan xəbəri də yoxdur. Lakin mənim yazımın mövzusu suyun çirkli olması və ya sanitar qaydalara cavab verməsi deyil. Çünki dənizdə çimənlər suyun təmizliyini adi gözlə də qiymətləndirə bilərlər. Bunun üçün heç labaratoriya da lazım deyil.
Bəs dünyada bu sahəyə nəzarət necə həyata keçirilir?
Qabaqcıl turizm ölkələrində çimərliklərin vəziyyəti dövlət qurumlarının deyil, Ekoloji Təhsil üzrə Beynəlxalq Federasiya (Foundation for Environmental Education - FEE) tərəfindən verilən “Mavi bayraq” keyfiyyət sertifikatı ilə müəyyənləşdirilir. Bizim çimərliklər bu standartlara cavab verir, ya yox? - bunu ekoloqlarımız, bu sahənin mütəxəssisləri daha yaxşı bilər. Sadəcə olaraq dünyanın 60 ölkəsi bu sertifikatı almaq uğrunda mübarizə aparırsa, məhz ölkəmizdə də bu məsələnin gündəmə gətirilməsi məqsədəuyğun olardı. Ən azı Mədəniyyət və Turizm Nazirliyinin daxili turizmin inkişafı baxımından qarşıya qoyduğu hədəfləri aşmaq baxımından.

İlk dəfə bu çimərliklərin keyfiyyət sertifikatını – “Mavi bayraq”ı 1985-ci ildə fransızlar icad ediblər. 1987-ci ildə bütün Avropa bu fransız dəbinin qarşısında tab gətirməyərək Avropa Birliyinin şəxsində, daha sonra isə dünya ölkələri bu proqrama qoşulublar. Hazırda 60 ölkə bu sertifikatı almaqda israrlıdır. Çimərliklərdən əlavə bu sertifikat kater və yaxtalar üçün nəzərdə tutulan kiçik limanlara da şamil edilir və 1 il müddətinə verilir. Bir ildən sonra çimərlik və liman yenidən Ekoloji Təhsil üzrə Beynəlxalq Federasiyaya (FEE) “Mavi bayraq”ı quma sancmaq üçün müraciət etməli, yoxlamadan keçməlidir. Sertifikatların yenilənmə dövrü Şimal yarımkürəsində yerləşən ölkələr üçün iyunun 5-nə, Cənub yarımkürəsi və Karib hövzəsi ölkələri üçün noyabrın 1-nə təsadüf edir.
Bəs istirahət edənlərə “Mavi bayraq” nələri vəd edir:
- Çimərliyə giriş sərbəst olmalıdır.
- Su təmiz olmalı və hər həftə testdən keçirilməlidir.
- Zibil yığılmalı, qum təmizlənməlidir.
- Çimərlikdə müşahidə və xilasetmə xidməti olmalıdır.
- Zəruri hallarda, təxirəsalınmaz yardım çimərlikdə göstərilməlidir.
- Duş kabinələri olmalıdır.
- Mühərrirkli nəqliyyatın çimərlikdə hərəkəti qadağandır.
- Ev heyvanları başqa çimərliklərdən istifadə etməlidir.
Bu siyahını artıqmaq da olar. Belə ki, üst-üstə 29 qiymətləndirmə kriteriyası var. Tələblər çox ciddidir və ildən-ilə də bu qaydalar sərtləşdirilir. İstirahət edənlərə isə bu şərtləri bilmək elə də maraqlı deyil. Sadəcə olaraq çimərlikdə və ya kiçik limanda “Mavi bayraq”ın dalğalanması onların bütün suallarına yek cavabdır. Onu da qeyd edək ki, 2009-2010-cu il çimərlik mövsümündə MDB ölkələri arasında bir çimərlik də “Mavi bayraq” almayıb. Təkcə Rusiya Federasiyasında, Sank-Peterburqda yerləşən 2 liman bu sertifukata layiq görülüb. “Mavi bayraq”ı alanlar arasında 1-ci yerdə İspaniya (493 çimərlik, 79 kiçik liman), 2-ci yerdə Yunanıstan (419 çimərlik, 8 liman), 3-cü yerdə isə qardaş Türkiyə (279 çimərlik 14 liman) gedir. Ən çox bayraq alan limanlar (115) isə Almaniyada yerləşir.
2011-2012-ci illərdə də İspaniya birinciliyi nəinki əldə saxlayıb, hətta sertifikatlı çimərliklərin sayını 528-ə çatdırıb. Yunanısatan (394), Fransa (352), Türkiyə (324), Portuqaliya (271), İtaliya (246) növbəti yerləri tutublar.
Beləliklə “Mavi bayraq” çimərlik keyfiyyətinin etibarlı göstəricisidir. Mağazalarda, istehsal sahələrində “AZS” keyfiyyət nişanının olması çox gözəldir. Hər bir istehlakçının isə keyfiyyət sertifikatlarını tələb etmək hüququ var. Azərbaycanın qumlu sahillərində, göl qıraqlarında istirahət edənlərin də yüksək keyfiyyət hüququnu yalnız “Mavi bayraq” qoruya bilər. “Mavi bayraq” sertifikatını ala bilsək, ona layiq çimərlik və limanlar yarada bilsək, Azərbaycan həm də MDB ölkələri arasında bu ada layiq görülən ilk ölkələrdən biri olacaq. Necə deyərlər, çimərliklərimizdə mavi bayraq görsəniz, bilin ki, ora təmizdir. Hələlik isə istirahətə yollananları dövlət qurumlarının bu mövsümlə bağlı xəbərdarlığına əməl etməyə çağırırıq.