Mayın 24-də axşamüstü saat 17-18 radələrində metronun “İçərişəhər” stansiyasının girişində başıma gələn hadisə ilə bağlı fəaliyyət göstərdiyim saytda yazım dərc olundu. Yazıda polis əməkdaşları ilə aramızda baş verən anlaşılmazlqdan bəhs etmişdim.
Üstündən bir neçə gün keçdikdən sonra məni Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis şöbəsinə dəvət etdilər. Dəvətin səbəbi məlum idi: yazdığım yazı. Əslində belə tez reaksiya gözləmirdim. Bütün hallarda vətəndaş borcumu rəhbər tutaraq çağırılan ünvana yollandım. Öncə Metropolitendə Polis şöbəsinin şəxsi heyətlə iş üzrə rəis köməkçisi Vaqif Mehdiyevlə görüşdüm. Mövcud durumla tanış olduqdan sonra Vaqif müəllim bütün vəziyyətin araşdırılacağını və günahkarların cəzalandırılacağını bildirdi. Rəis köməkçisi dedi ki, hüquqazidd hərəkətlərə, polisin adına ləkə gətirən əməkdaşlara qarşı DİO-da xidmətdən xaric edilməyə, hətta cinayət məsuliyyətinə cəlb olunmağadək prinsipial ölçülər götürülür. Mən isə ümid edirdim. Ən azından deyilən söz idi. Əməl ortada yox idi.
Sonradan söhbətə qoşulan rəis müavini Kamal Şirinov da faktla bağlı Daxili İşlər Nazirliyi tərəfindən göstərişi əsasında araşdırma aparıldığını diqqətimə çatdırdı. Hətta həmin mübahisə etdiyim polis əməkdaşları da şöbəyə dəvət olunmuşdu. Polis zabitləri ilə ətraflı danışdıqdan sonra Şöbə rəisi Əflatun Həsənov məni qəbul etdi. Səmimi, sakit, təmkinli. Məni və polis əməkdaşlarını dinlədi. Sonra görüntünü izlədik. Rəis dedi ki, son illər mətbuatla işlərin düzgün qurulması məsələsinə ciddi diqqət yetirilir və buna görə də təmsilçisi olduğu nazirliklə media arasında ciddi problem yaşanmır. Burada da məni tək jurnalist deyə yox, sadəcə vətəndaş olduğum üçün qəbul etdilər və etdiyim şikayətə ətraflı baxdılar. Hər şey də məlum oldu. Ərizəmi də yazdım.
Sonda isə anlaşılmazlığın polis tərəfindən bu qədər ciddi araşdırılması məni çox sevindirdi.