
Modern.az saytı Ədalət Partiyasının Aparat rəhbəri Mütəllim Rəhimli ilə müsahibəni təqdim edir. Onunla ölkədəki son durum və təmsil etdiyi partiyanın baş verənlərə münasibəti haqda danışdıq.
- Mütəllim bəy, siyasi arenada ciddi canlanma var, müxalifət partiyalarının əksəriyyətini ehtiva eden Milli Şura yarandı, YAP qurultayını kecirdi və İlham Əliyev 3-cü dəfə prezidentliyə namizəd oldu. Ədalət Partiyası nə Milli Şurada təmsil olundu, nə də seçkidə iştirakla bağlı mövqeyini sərgilədi. Bu passivlik nə ilə bağlidir?
- Biz heç də passiv deyilik. Ciddi şəkildə təşkilatlanma, zəif mövqelərimizdə yenidənqurma işləri aparırıq. Üzvü oldugumuz “Vətən” blokunda fəaliyyət planı hazırlayırıq. Sadəcə fəaliyyətimizi piar üzərində qurmadığımız, cari işlərimizi işıqlandırmadığımız üçün zahirən passiv görsənə bilərik.
- Ədalət Partiyası müxalif qüvvələrin əksəriyyətini özündə birləşdirən Milli Şurada təmsil oluna bilərmi?
- Əvvəla bildirmək istəyirəm ki, əksəriyyətini yox, müəyyən bir kəsimini. Milli Şurada təmsil olunmayan kifayət qədər müxalif qurumlar var. Biz dəfələrlə bildirmişik ki, Milli Şurada iştirak etmək niyyətimiz yoxdur. Çünki əvvəla təmsil olunduğumuz “Vətən” bloku var, və biz ümidliyik ki, imkanimiz daxilində, bu blok çərçivəsində uğurlu fəaliyyət göstərəcəyik.
Digər tərəfdən, bizim Milli Şurada təmsil olunan bəzi partiyalarla cox ciddi fikir ayrılığımız var. Bunlar Avroatlantik məkanına inteqrasiya tərəfdarıdırlar. Amma nədənsə “unudurlar” ki, nə Amerika, nə İngiltərə, nə Fransa Azərbaycanın ərazi bütövlüyünü rəsmən BMT-də səsvermə zamanı tanıyıb. İşğalçı erməni terrorçularını hərtərəfli dəstəkləyiblər. Başqa məmləkətləri uydurma ittihamlarla öz maraqları naminə darmadağın etdikləri halda, terrorçularla yumşaq davranırlar, ərazi bütövlüyümüzü bərpa etməyə ciddi maneçilik edirlər. Uydurma “erməni genosidini” turk toplumunun üzərinə çatı kimi atmağa cəhd edirlər. Biz isə, xarici siyasətdə balansın tutulmasının tərəfdarıyıq, məmləkətimizin başqa dövlətlərin siyasətinin daşıyıcısı olmağının əleyhinəyik, qonşu dövlətlərə qarşılıqlı hörmətə, faydaya əsaslanmış münasibətlərin tərəfdarıyıq. Türkiyədən savayı beynəlxalq aləmdə səmimi tərəfdaş olmadığını bəyan edirik.
Biz işğal olunmuş torpaqlarımızın bütün üslublarla qaytarılmasının tərəfdarıyıq, bunlarsa Qərbin təlimatlarını yerinə yetirərək “danışıqlar” tərəfdarlarıdır.
Biz məmləkətimizdə adət-ənənələrimizin, öz mədəniyyətimizin, İslam dəyərlərinin təşəkkül tapmasını arzulayırıq. Bunlarsa Qərb mədəniyyətinə inteqrasiya tərəfdarıdırlar. Quranı yandıran, məscidləri dağıdan, İslamı təhlükə kimi qələmə verib səlib yürüşləri edən, homoseksualların haqqlarının dünyada müdafiəsini prioritet hesab edən Amerika, Avropa “dəyərləri” bizə lazım deyil. Hətta bəşəri dəyər olan demokratiyanı Qərb dövlətləri öz maraqları naminə bizdə qurban verib sərvətlərimizi həyasızcasına talayır, təhsilimizi, iqtisadiyyatımızı viran qoyublar, cəmiyyətimizin inkişafını bütün sahələr üzrə əngələyirlər. Çünki adət-ənənələrinə, dininə-imanına, milli kadr potensialına güvənən, istehsala yönəlmiş iqtisadiyyata arxalanan bir məmləkəti müstəmləkə kimi istifadə etmək çətin olardı.
Xüsusi vurğulamaq istəyirəm ki, biz Milli Şuranın uğuruna inanmırıq. Heç kimin fəaliyyətinə kölgə salmaq istəmirəm, sıravi fədakarların, durumundan bezmiş əhalinin ümidlərini qırmaq fikrindən uzağam. Sadəcə Milli Şurada təmsil olunan insanlardan bir qismi korrupsioner məmurlar tərəfindən dəstəklənirlər, bir qismi Qərbin himayəsindədir. Hansı inqilabi dəyişiklik ola bilər, bu halda? Bu günlərdə Rusiyanın ORT telekanalında Rüstəm İbrahimbəyov xatirələrini bölüşərək, mərhum rus sənətçisi Abdulovla donuz əti yediyini dedi. Siz donuz əti yeyəndən şəhidlik gözləyirsiniz? Milli Şurada təmsil olunan partiyaların bir qisminin fəaliyyəti ənənəvi olaraq siyasi alverlə, seçkilərə demokratik fon yaratmaqla, mənasız bəyanatlarla, fədakarların məhrumiyyətləri ilə sonunclanacaq.
- Prezident Administrasiyasının nümayəndəsi Novruz Məmmədov bəyan edib ki, İlham Əliyevin 3-cü dəfə Prezident kürsüsünə iddialı olması dünyanın aparıcı dövlətləri ilə razılaşdırılıb. Maraqlı olardı, Ədalət Partiyası İlham Əliyevin 3-cü dəfə Prezident seçilməsinə münasibəti necədir?
- Mən cənab Məmmədovun dediklərini səmimi qəbul edib, ciddiyə alıram. Bu bəyanat həm də Ədalət Partiyasının illərdir dediklərinin bariz sübutudur – Qərb müsəlman Azərbaycanda demokratik proseslərin inkişafında maraqlı deyil.
Qərbin burada başqa maraqları var. Qərb demokratiyanın yox, müstəmləkəçiliyin tərəfdarıdır. Baxın, Səudiyyə Ərəbistanda, İordaniyada, Küveytdə, Omanda, Birləşmiş Ərəb Əmirliklərində və s. krallıqlarda demokratiya axtarışına çıxmadığı halda Qərb qardaş Türkiyədə, İranda, Rusiyada “demokratiya” axtarışına çıxıb. Çünki ərəbləri talayırlar. Mənə maraqlıdır, bizdə ABŞ, İngiltərə səfirliklərinin qapılarını az qala dabanından çıxaran psevdomüxalifət, qrantlar naminə Qərbin xadimələrinə çevrilənlər indi hansı üzlə “qərb dəyərlərindən” danışacaqlar?
Azərbaycan vətəndaşlarının seçilib-seçmək hüququ “demokratiya beşiyi” olan dövlətlərin süqutu və təlimatı nəticəsində baş verdi. Proporsional sistemin ləğvi, bir insanın ölənə qədər hakimiyyətdə qalma mümkünlüyü, fədakarların, siyasi rəqiblərin qanunsuz həbsləri “bütün dünyada demokratiyanın keşiyində duranların” gözləri önündə baş verir.
Bununla yanaşı, bildirmək istəyirəm ki, iqtidar öz fəaliyyətini düşünülmüş qurub, özünə fərsizlərdən, “nailiyyətlərini” tarixi təsadüf nəticəsində əldə etmişlərdən, siyasətə xalqın taleyi kimi yox, varlıqlarını təmin etmək üslubu kimi baxanlardan bir “ana” muxalifət formalaşdırıb. Bunları altdan maliyyələşdirir. Mərhumiyyətlər şəraitində yaşayan xalqa rəğmən yağ-bal içində olan muzdlu “media kapitanları” şəbəkəsini formalaşdırıb. Bu kimi qurumlar vasitəsilə ictimai-siyası prosesləri iqtidara lazım olan tərzdə istiqamətləndirir.
Ədalət partiyasının mövqeyi sadədir, qanun nə qədər də pis olsa da, ona riayət olunmalıdır. Bizdən ötrü əsas kimin neçə dəfə seçilməsi deyil, seçkilərin demokratik keçirilməsidir.
- Sizcə dünyanın aparıcı dövlətlərinin Azərbaycanda hansı maraqları var?
- Güzəştli, milli maraqlarımıza zidd olan, enerji sərvətlərimizin hasilatı və daşınması layihələri; Beynəlxalq Valyuta Fondu tərəfindən və bizim iqtisadi əsarətimizlə sonunclanan, maliyyəti şişirdilmiş mənasız “infrastruktur layihələri”; Əfqanıstan, İran üçün nəzərdə tutulmuş hərbi dəhliz; İsrailin, Gürcüstanın, son günlərdə Rövnəq Abdullayevin və Novruz Məmmədovun bəyanatlarını nəzərə alsaq, Ermənistanın Azərbaycanın büdcəsi hesabına, Qərbin maraqları naminə, iqtisadiyyatının təmin edilməsi; Türkiyə, Rusiya, İranla məsafəli davranış sərgilənməsi; islam dəyərlərinin məhvi, azan səsinin kəsilməsi; Qarabağ mövzusunda boş bəyanatlarla kifayətlənilmə; Qarabağın qaytarılması üçün nəzərdə tutulmuş, əslində Qərbin nəzarətində olan neft-qaz yataqlarının mühafizəsi üçün, İrana və digər dövlətlərə qarşı istifadə olunacaq silahların alınması, hərbi-hava limanları yaradılması və sair.
- Millət vəkili, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın YAP-a sədr muavini secilməsinə sizin munasibətiniz necədir?
- Mehriban xanımın İlham Əliyevin müavini seçilməsini təbii qəbul edirəm. Çünki o yeganə, səmimi İlham Əliyevin silahdaşıdır. Öz fəaliyyətilə dövlət başçısına baş ucalığı, müsbət imic gətirib. İlham Əliyevin Qərb tərəfindən dəstəklənməsində Mehriban xanimın müstəsna xidmətləri var. Düzdür, bu kimi fəaliyyətdə rəhbərlik etdiyi Fondun imkanlarını da nəzərə almaq lazımdır, amma bu heç də Mehriban xanımın şəxsi keyfiyyətlərinə kölgə salmır.
- Yuxarıda qeyd etdiyiniz gerçəklikləri nəzərə alaraq Ədalət Partiyası prezident seckilərində kənarda qalmağımı düşünür?
- Ədalət Partiyası seçkilərlə bağlı mövqeyini yaxınlarda qurultayda sərgiləyəcək. Mən isə isə düşünürəm ki, İlyas müəllim namizədliyini verməlidir, biz secki kampaniyasının imkanlarından istifadə edib xalqımıza bir çox gerçəkliklərlə bağlı baxışlarımızı çatdırıb, seçki marafonundan çıxmalıyıq. Çünki biz kiminsə tamaşasında imtiyazlar müqabilində kukla rolunu oynamaq, seçkilərə demokratik don geyindirmək fikrindən uzaq olmalıyıq.
- Sizin sərgilədiyiniz siyasi baxışlar Ədalət Partiyasının rəsmi mövqeyi ilə dissonans təşkil edir…
Nədə? Qətiyyən, sizinlə razı deyiləm. Düzdür, partiyamızda müxtəlif yanaşmalar mövcuddur və bu təbiidir. Amma hamı öz fikirlərini ifadə edə bilər, o cümlədən, mən.
Modern.az