Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən elan edilmiş “Şirvan şəhərinin Dövlət şəhərsalma kadastrının yaradılması” məqsədi ilə işlərin satınalması üzrə beynəlxalq tenderin qalibi olmuş Azərbaycan şirkəti "İNTEGRİS" MMC-nin rəhbərliyi ilə Litva Respublikasının "Vilnüs planas" bələdiyyə müəssisəsi və "HNİT-BALTİC" Qapalı Səhmdar Cəmiyyətindən təşkil olunmuş konsorsium adıçəkilən layihənin icrasını uğurla davam etdirir.
Layihə çərçivəsində Litva şirkətlərinin dəvəti ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Şirvan Şəhər İcra Hakimiyyətinin və "İNTEGRİS" MMC-nin mütəxəssislərindən ibarət qrup 10-15 iyun 2013-cü ilin tarixində Litva Respublikasına işgüzar səfər edib.
Səfər zamanı nümayəndə heyətinin üzvləri Litva Respublikasında ərazi planlaşdırılması, şəhərlərin baş planların hazırlanması, müfəssəl planlaşdırma, şəhərsalma kadastrı və şəhər təsərrüfatının idarə edilməsi üzrə avtomatlaşdırılmış geoinformasiya sistemlərinin tətbiqi sahəsində həyata keçirilən işlər və əldə olunmuş nailiyyətlərlə tanış olub. Litva Respublikasının Ətraf Mühit Nazirliyində, Nazirlik yanında Dövlət Ərazi Planlaşdırılması və Tikinti İnspeksiyasında, Vilnus şəhər bələdiyyəsində, “HNİT-BALTİC” şirkətində bir sıra səmərəli görüşlər keçirilib. Görüşlər zamanı müvafiq təqdimatlar edilib, təcrübə mübadiləsi aparılıb.
Litvaya səfər zamanı nümayəndə heyəti Azərbaycan Respublikasının bu ölkədəki səfirliyini də ziyarət edib. Azərbaycanın Litvadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Məmmədzadə və səfirliyin digər əməkdaşları tərəfindən nümayəndə heyətinə lazımi kömək göstərilib.