Modern. az “Rayonlardakı vəziyyət: Deputat və jurnalist danışır” layihəsini davam etdirir. Bu dəfə seçilən rayon təbiəti ilə məşhur olan Yardımlıdır. Bu bölgədə olan problemlər barədə əslən Yardımlıdan olan jurnalist Elşad Paşasoy və Milli Məclis üzvü Sabir Rüstəmxanlı danışır.
Deputat Sabir Rüstəmxanlı bildirib ki, bir çox bölgələrdə olduğu kimi, Yardımlıda da başlıca problemlərdən biri işsizlikdir. “Xırda sənaye müəssisələri açılsa, işsizliyin qarşısı bir qədər alınar. Kənd təsərrüfatı olduqca zəifdir. Taxılçılıq, üzümçülük unudulur, çünki maya dəyərini çıxarmır. Amma yolların abadlaşması sahəsində ciddi işlər gedir. Demək olar ki, bütün yollara diqqət edilir. Kəndlərdə olan qaz probleminin həlli üçün də işlər görülür. Artıq Yardımlının bir sıra bir çox kəndlərinə qaz çəkilib. Ancaq digər yerləri də diqqətdən kənarda saxlamaq düzgün olmazdı”.
Deputat həmçinin qeyd edib ki, insanları narahat edən digər problemlərdən biri də zəlzələ zamanı evlərinə dəyən ziyandır. Bu evlərin bərpası ilə bağlı işlər həyata keçirilir. Sərhəd problemi də var. Sakinlər 2-3 kilometr dolanıb getməsinlər deyə keçid məntəqəsi qurulmalıdır. Başqa rayonlarla müqayisədə Yardımlıya az diqqət edilir. Gənclər üçün idman sarayı yoxdur. Olimpiya mərkəzi hələ nəzərdə tutulmayıb. Təəssüflər olsun ki, Yardımlıya əvvəldən ögey münasibət göstərilib. Yeni icra başçısı Sevindik Hətəmov gəldikdən sonra sakinlər öz razılıqlarını bildirdilər. Ondan əvvəl isə heç bir iş görməyən, etinasız icra başçısı var idi. İnanıram ki, Sevindik Hətəmovun səyi nəticəsində bir sıra problemlər öz həllini tapacaq”.
Bu bölgədən olan Elşad Paşasoy deyir ki, Yardımlıda insanlar işsizliklə bağlı əziyyət çəkir. “Yetkinlik yaşına çatan, hərbi xidməti başa vuran gənclər ya paytaxta, ya da Qaradağın daş karxanalarına üz tuturlar. Əksər hallarda isə imkanlı olanlar ölkəni tərk edirlər. Pozitiv bir məqamı da qeyd etmək lazımdır. Son illərdə yeni icra başçısı təyin olunan Sevindik Hətəmoğlu rayonda bir sıra işlər görməkdədir. Xüsusilə rayonun mərkəzindən bölgələrinə qədər su və qaz çəkilişinin həyata keçirilməsinə diqqət edir. Hər hansı problem olanda belə icra başçısının qapısı insanların üzünə açıq olur. Ölkə prezidentinin də sərəncamları var ki, bu da rayonun inkişafına müsbət təsir göstərir. Cəlilabad-Yardımlı yolunun çəkilişi və bununla bağlı vəsait ayrılması barədə sərəncamı verilib. Rayonun 19 kəndini əhatə edəcək su layihəsi var ki, onun da həyata keçirilməsi gözlənilir. Bu işlər aşağı templə də olsa, davam edir. Yardımlı əhalisinin əsas istəyi ondan ibarətdir ki, kənd təsərrüfatına da diqqət yetirilsin. İşsizliyin aradan qaldırılması ilə bağlı müəyyən meyvə-şirə zavodlarının və südçülüklə bağlı emal müəssisələrin açılması yerində olardı. Bu halda kəndlilərin kəndləri tərk etməsi də azalardı. Turizm üçün geniş imkanları olan Yardımlıda qədim memarlıq abidələri var ki, onların ölkə ictimaiyyətinə, turistlərə çatdırılması gələcəkdə turizm sahəsində stimul olardı.
İcra başçısının ucqar kəndlərə getdiyi barədə məlumat aldım. O, yerlərdə olan problemlərin aradan qaldırılacağına dair vəd verib. Əksər kəndlərdən xoş xəbər aldım. Kənd sakinləri icra başçısından razı qaldıqlarını bildiriblər. Rayon rəhbərliyi öz üzərinə düşən öhdəlikləri yerinə yetirirlər. Ancaq elə ucqar kəndlər var ki, onlar bir qədər diqqətdən kənar qalıb. Bunlardan biri Alar kəndidir ki, tarixi Qız qalası abidəsi bu kəndin ərazisindədir. Burada yol problemi insanları narahat edir. O kəndə gediş-gəliş çətindir. İnsanlar müalicə almaq üçün 10 kilometrlərlə yol qət etməlidir. Qarlı havalarda bu kəndə getmək daha da mümkünsüzləşir”.
Jurnalist deyir ki, Yardımlıda olan başlıca problemlərdən biri də kadr çatışmazlığıdır. “Xüsusilə xarici dil və digər ixtisaslarla bağlı kadrlara ehtiyac var. Şəraitsizlik ucbatından ucqar kəndlərdə işləmək istəyənlərin sayı az olur. Hətta orada işləyənlər belə müəyyən vaxtdan sonra paytaxta üz tuturlar. Bu mənada kəndlərdəki problemlərin aradan qaldırılması ilə bağlı yeni layihələr hazırlansa, yaxşı olardı”.
Ulduz İBRAHİMOVA