
Son zamanlar Azərbaycan baş nazirinin keçmiş 1-ci müavini, Moskvadakı Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti (“AzerRos”) Ağsaqqallar Şurasının sədri Abbas Abbasovun SSRİ nostalgiyasını xatırladan çıxışları maraq doğurur.
“Mənim Sovet İttifaqı ilə bağlı böyük nostalgiya hissim var. O zaman bu böyük ölkənin bütün xalqları arasında əsl dostluq münasibətləri var idi. İndi hər şey kökündən dəyişib. Hamımızın fəxr etdiyi xalqlar dostluğu artıq itirilib” deyən Abbas Abbasovun bu cür ifadələr işlətməsi bir neçə sual üzərində düşünməyə əsas verir. Bu nostalji hissi uzun müddət Azərbaycanı təmsil edən bir şəxsin öz vəzifəsini icra edərkən də Rusiya meylli siyasət yürütməsi faktı üzərində müzakirələrə yol açır. Aparıcı müxalifət partiyaları bu barədə nə düşünür?
“Abbas Abbasovda kommunizm sisteminə nostalji hissi varsa, çox gözəl”
Modern.az-a açıqlamasında Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı bildirib ki, Abbas Abbasovun bu bəyanatla çıxış etməsini partiyada müzakirə etməyiblər. “Hər hansı bir şəxsin fikri Müsavat Partiyasında xüsusi müzakirə olunmur” deyən partiya rəsmisinin məsələ barədə şəxsi düşüncələri isə belədir:
“Mən demokrat adamam. Hər bir insanın özünün hansısa cəmiyyətə simpatiyası və nostalji hissi ola bilər. Abbas Abbasovun da sosializm cəmiyyətinə və kommunizm sisteminə nostalji hissi varsa, çox gözəl. Qoy o hisslərlə də yaşasın. Amma mən şəxs olaraq həmin quruluşun çürük bir sistem olduğunu bilirəm və görmüşəm. Kimsə həmin o nostalji hisslərlə yaşayırsa, bu həmin insanın şəxsi keyfiyyətləri haqqında məlumat verir. Hər bir insan düşüncə və fikirlərində sərbəstdir”.
“Bu sadəcə olaraq Abbas Abbasovun şəxsi düşüncələridir”
AXCP sədrinin müavini Razi Nurullayevin isə cavabı belə olub: “Abbas Abbasov və “Milyarderlər İttifaqı”na daxil olan digər insanlar Rusiya Federasiyasında yaşayırsa və bütün pullarını oradan qazanırsa, buna görə həmin dövlətə və onun prezidentlərinə minnətdar olmaqdan ötrü bu cür də danışmalıdırlar. Hazırda Rusiya demokratik bir cəmiyyət deyil. Buna görə də bəzən Rusiya prezidentlərinin, nazirlərinin xoşuna gələn fikir səsləndirmək lazım olur ki, orada özünün maraqlarını təmin edə biləsən. İndiki situasiyada Putinin doğrudan da özünün Avrasiya İttifaqının siyasətinin əsasında SSRİ-nin yeniləşmiş variantı durur. Mən məsələyə bu kontekstdən yanaşıram ki, Abbas Abbasovun maraqlarında Azərbaycanın Rusiyaya daha yaxından inteqrasiyası nəzərdə tutula bilər. Amma bu, birbaşa gələcəkdə Azərbaycanın Rusiyadan asılı vəziyyətə gətirilməsi anlamına gəlməli deyil. Orada yaşayan azərbaycanlı milyarderlər, o cümlədən Abbas Abbasov Azərbaycanı yenidən Rusiyanın köləsinə çevirmək iddiasını ortaya atmırlar. Bu sadəcə olaraq Abbas Abbasovun şəxsi düşüncələridir”.
“Əslində Abbas Abbasov da bu təşkilatın fəaliyyət proqramını şərh edib”
ADP sədri Sərdar Cəlaloğlu hesab edir ki, Abbas Abbasovun bəyanatını nostalji bir hiss kimi xatırlatmaq düzgün deyil. “Biz “Milyarderlər İttifaqı”nın niyə yaradıldığını və bu təşkilatın arxasında hansı niyyətlər durduğunu dəfələrlə demişik. Söhbət SSRİ modelində yenidən rus imperiyasını bərpa etməkdən gedir. Əslində Abbas Abbasov da bu təşkilatın fəaliyyət proqramını şərh edib. Abbas Abbasova cavab olaraq demək istəyirəm ki, heç vaxt Rusiya başqa xalqlara dost kimi baxmayıb. Biz həmişə Azərbaycanda kadr siyasətini tənqid etmişik. Görün Azərbaycan nə qədər təhlükəli vəziyyətdə olub ki, Abbas Abbasov kimi düşünən insanlar müstəqil Azərbaycan dövlətində yüksək vəzifədə çalışıblar. İki-üç bu cür insanın dövləti təmsil etməsi Azərbaycan dövlətçiliyinin məhv olması deməkdir. Abbas Abbasov kimi adamlar hakimiyyətə gəldilər, özlərinin müstəqillik təfəkkürü olmadığına görə xalqı dövlətdən narazı salmaqdan ötrü məlum siyasəti yürüdüblər”.
Aqşin KƏRİMOV