
İsti yay günlərində hamı istirahət etmək istəyir. Bunun üçün cibinin dolu, bir də zamanın olması yetərlidir. Maraqlıdır, görəsən Milli Məclisin deputatları istirahət üçün haranı seçirlər?
Modern.az saytı deputatlar arasında keçirdiyi sorğunu təqdim edir.
Musa Qasımlı Milli Məclisin növbədənkənar yaz sessiyasının sonuncu iclası sona çatdıqdan sonra yay tətili müddətində Azərbaycanı tərk etməyəcəyini bildirib. “Ölkəmizdə qalacam, bir sıra elmi və ictimai fəaliyyətlə bağlı işlərim var, onlarla məşğul olacağam. Əgər imkan olsa, Azərbaycanındakı istirahət mərkəzlərinin birinə bir neçə günlüyə gedəcəyəm. Amma konkret istirahət planım yoxdur”.
Musa Quliyev isə bu il istirahətinin fərqli olacağını bildirib. “Ölkə daxilində olacağıq, Azərbaycanın rayonlarında dincələcəyik. Bu il seçkilər ildir, yəqin ki, partiyanın Siyasi Şura üzvü kimi seçkilərə qatılacağıq”. M.Quliyev deyir ki, builki yay istirahəti Bakı və Azərbaycanın rayonlarını əhatə edəcək: “Böyük ehtimalla Quba, Qəbələ, Daşkəsən, Gədəbəy, Gəncə tərəflərdə olacağıq, hələlik dəqiq yer məlum deyil”.
Azay Quliyev 10 gün müddətində ATƏT Parlament Assambleyasının iclaslarında olacaqları üçün hələlik istirahət barədə düşünmədiyini bildirib.
Rəbiyyət Aslanova da həmkarı kimi İstanbulda ATƏT Parlament Assambleyasında olacaq. Amma qayıtdıqdan sonra millət vəkili Balakəndə dincəlməyi planlaşdırır.
“İyulun 4-ə qədər İstanbul şəhərində olacağıq. Geriyə qayıtdıqdan sonra isə əlbəttə ki, Balakənə gedəcəyəm, seçicilərlə görüşəcəyəm. Ola bilər ki, istirahətimi elə Balakəndə etdim və yenə də Bakıya qayıtdım”.
Mübariz Qurbanlı isə istirahətlə bağlı heç nə planlaşdırmır. “İşimiz çoxdur, yay boyunca iş başında olacağıq”, – deyə millət vəkili vurğulayıb.
Aytən ƏLİYEVA