Modern.az

“Təhsil Nazirliyinin adından istifadə etmirik” - özəl şirkətlərin öz dəlilləri var

“Təhsil Nazirliyinin adından istifadə etmirik” - özəl şirkətlərin öz dəlilləri var

Aktual

27 İyun 2013, 16:31


Xaricdə təhsil ya rəsmi, ya da özəl şirkətlər vasitəsi ilə gerçəkləşir. Lakin özəl xətlə xaricdə təhsil almağa gedənlər çox zaman aldadılırlar. Belə ki, müxtəlif şirkətlər vətəndaşları şirnikləndirmnək üçün Təhsil Nazirliyində qeydiyyatdan keçdiklərini bildirir və müraciət edəni əmin edir ki, onun təhsil alacağı universitet və diplomu saxta deyil. Amma sonradan bu vədlərə əməl olunmur.

Bu gün Təhsil Nazirliyi də yaydığı məlumatda qeyd edib ki, xarici ölkələrə tələbə qəbulunu həyata keçirən şirkətlər Təhsil Nazirliyində akkreditasiyadan keçmirlər. Bu tip şirkətlərin Təhsil Nazirliyinin adından istifadə etmələri onların qanun qarşısında məsuliyyətini yaradır və nazirlik bu halda müvafiq dövlət orqanları qarşısında məsələ qaldırmaq hüququna malikdir. Bəs bu açıqlamadan sonra şirkətlər öz fəaliyyətlərində dəyişiklik edəcək?  

Modern.az-a açıqlamasında “Discovery xaricdə təhsil və karyera” şirkətinin meneceri Elşad Şahverdi bildirib ki, onlar fəaliyyətlərində heç bir dəyişiklik etmək fikrində deyillər.
“Çünki biz Təhsil Nazirliyinin adından istifadə etmirik ki, bizdə problem olsun. Tələbələr xaricə təhsil almağa göndərilərkən elə universitetlər seçilir ki, sonradan onlar üçün problem yaranmasın. Ümumiyyətlə, xaricdə oxuyub gələnlər də sonradan burada dövlət idarələrində çalışmaq istəmirlər. Onların əksəriyyəti özəllərə getdiyi üçün həmin tələblərin diplomlarının tanınması məsələsində də problem yaratmır”.

“Akademi Qrup” təhsil qurumunun rəhbəri Razi Vəliyev bildirib ki, akkreditasiya sistemi olmadığı üçün onlarda Vergilər Nazirliyindən qeydiyyatdan keçməyib. “Heç belə istəyimiz də yoxdur. Biz heç Təhsil Nazirliyinin adından da istifadə etmirik. Təhsil Nazirliyi yaydığı məlumatda da bu haqda heç nə deməyib. Və biz də fəaliyyətimizi olduğu kimi davam etdirəcəyik”.

“Ukraynada ali təhsil” şirkətinin rəhbəri Fərid Süleymanov bildirib ki, onların fəaliyyətində heç bir dəyişiklik olmayacaq. “Çünki biz rəsmi şəkildə Vergilər Nazirliyindən qeydiyyatdan keçmişik, üstəlik də oradakı universitetlərlə müqavilə bağlamışıq. Əvvəl necə fəaliyyətə başlamışıqsa, axıra qədər o cür davam edəcəyik. Normal təşkilat, təbii ki, Təhsil Nazirliyinin adından istifadə etməz, kim istifadə edirsə demək, normal fəaliyyət göstərmir”.  

Aytən ƏLİYEVA  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı