Modern.az

Zabit mündirinin bərq vurduğu həftə

Zabit mündirinin bərq vurduğu həftə

Aktual

29 İyun 2013, 16:22

  (həftənin subyektiv icmalı)

Hər kəsin bir amal uğrunda mübarizə aparmasına baxmayaraq, şəxsi maraqlar mütləq toqquşur. Qəfil toqquşan silahlar isə ya susur, ya da susdurur. O, bu həyata həmişəlik göz yumub əbədi olaraq susdu. Sözümün canı var. Yazını sonun qədər oxusanız nə demək istədiyimi biləcəksiniz.

Milli Şurada toydu,  Rəsul Quliyevin xəbəri yox?!

Bir də görürsən ki,  oğlandan xəbərsiz onu evləndirib toy edirlər. Bu  cür situasiyalar  milli dəyərlərin, adət-ənənələrin tərkib hissəsidi. Nigaha girən izdivacların rəyi nəzərə alınmır. Elə Milli Şurada da  nigaha girəcək  vahid namizəd məsələsində tərəflərin ortaq məxrəcə gəlib toy etməsi bir qədər uzanır. Bu səbəbdən də Açıq Cəmiyyət Partiyasının lideri, Milli Məclisin eks spikeri Rəsul Quliyev  Milli Şurada təmsil olunan partiya rəhbərlərinin  ABŞ- edilən səfərindən xəbərsiz imiş.                                       

Milli Şura üzvü, politoloq Zəfər Quliyevin  Rəsul Quliyevin okeanın o tərəfindəki bostanına  atdığı daş  çox güman ki, ünvanına çatıb. Ciddi bəyanatı qeyri-ciddi bəyanat adlandıran cənab  Rəsul Quliyevə  Zəfər Quliyevdən reaksiya gəldi. “Necə olur ki, Rəsul Quliyevin xəbəri olmasın?!  Doğurdan,  Rəsul müəllim, bostanda yetişməkdə olan tərəvəzlər çiçəkaçma dövrünü başa vurduğu halda, siz hələ də xəbərsizsiniz?!  Rəsul bəy, Milli Şurada bir toy ab-havası var ki! Adamın lap oynamağı gəlir. Əgər istəsəniz, ABŞ-da  Milli Şuranın şərəfinə milli rəqs havası altında yallı gedə bilərsiniz. Axı Milli Şura üzvləri dəstə şəklində vahid namizədlə ABŞ-a yollanmağa hazırlaşır! Bəy öz toyunda oxuyub oynasa bolluq olar. Kim bilir, bəlkə, vahid namizəd siz oldunuz! Hər halda ehtimaldı. Oynamağa dəyər!                                                                                     

Ordum varsa, yurdum var!

 Gözlər od, əllər silah, canlar sipər olmalı                                                                                              

Kirpiyimiz sıxlaşıb yurda çəpər olmalı                                                                                                   

Damarda  qan coşmalı, canda təpər olmalı

Ordum varsa yurdum var! 

Ordum yoxsa yurdum yox!

Zəlimxan Yaqub yaradıcılığında ən çox sevdiyim misralardan biridir. Bu misraları oxuyanda düşmənə qarşı vuruşmaq keçir içimdən. Həmçinin, bu həftə silahlı qüvvələrimizin yaranmasının 95 illiyi böyük təntənə ilə qeyd olundu. 1918-ci ildə yaranan ordumuz o zamankı hakimiyyətin ən böyük uğuru idi. Nə də olsa tarixə boylanıb baxanda qürurverici olaylar az da olsa var. Qisas günü hələ qarşıdadı.  Nə qədər ki, damarda qanımız coşmayıb mənasız ssenarilərin baş qəhrəmanına çevrilməyimiz  gərəksizdi. Nə qədər ki, əlimizdə açılan  silahlar düşmən gözünü çıxartmayıb ortada atılıb-düşməyimiz heç bir məna kəsb etmir. Bir sözlə, bu həftə 95 illiyini qeyd etdiyimiz Azərbaycan ordusu hələ qalibiyyət savaşında tutarlı sözünü deməyib. Biz o günü gözləyirik. Silahlı qüvvələrimizin torpaqlarımızı azad edəcəyi günü!

 Sənətkardan öyrənin, artisciklər!

Mütəmadi olaraq, efirlərdə saçyolduya çıxan, əxlaqsız hərəkətlərini ört-basdır etməyə çalışan, şəxsi profilində utanmadan küçə söyüşlərini  xalqın gözünə soxmağa çalışan artisciklərə  baxanda sənətin dəyərini itirdiyinin şahidi oluruq. Kimə lazımdı soyunub çılpaq şəkillərlə özünü reklam edənlərin həyat tərzi?! Çılpaq görüntülər üç-beş günlük mövzudan başqa bir şey deyil. Gülməli odur ki bir-birinin ünvanına olmazın ifadələr işlədən dırnaqarası xalq artıstləri sudan quru çıxmağa çalışır. Guya tərəflərdən hansısa əxlaq qaydalarına əməl edən abır, həya ilahəsidirlər.Görünür, əndamlarını gecə klublarında əsdirənlər hər şeyi unudublar.                                Əsl sənətkar olaraq xalqın qəlbində taxt qurmaq lazımdı. Elə bu həftə dünyasını dəyişən Səyavuş Aslan kimi. O əsl sənətkar idi. Əsl insan idi. Sənət aləmində  peşəkar aktyor kimi xalqın gözündə ucalan bu insandan çoxları dərs götürməlidir. Allah sizə rəhmət eləsin, Səyavuş müəllim! Xalq bir dəfə də olsun hansısa həmkarınızın ünvanına etikadan kənar söyüşlər göndərməyinizin şahidi olmadı. Əsl  sənətkar olaraq sevildiniz. Sənətkar olaraq da bu dünyadan köçdünüz. Təəssüf ki  teatr səhnəmizdə bir də siz olmayacaqsınız! Təəssüf!

Belə əziz oxucularım! Bu həyat çox etibarsızdı. Güvəndiyin dağlara mütləq qar yağır.

Namidə BİNGÖL

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı