
Ötən il Abşeron rayonu Mehdabad qəsəbəsində məcburi köçkünlər üçün yeni şəhərcik istifadəyə verilsə də, orada məktəb tikmək yaddan çıxıb. Elə bu səbəbdən də bir müddət əvvəl Bədən Tərbiyəsi və İdman Akademiyasının Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsi-98 ünvanında yerləşən yataqxanasında məskunlaşmış məcburi köçkünlər Mehdabad qəsəbəsindəki yeni şəhərciyə köçmək istəmirdilər. Köçkünlər deyirdilər ki, şəhərciyə yerləşdirilən ailələrdəki azyaşlı uşaqların təhsil alması çətinləşib. İmkanı olan valideynlər uşaqlarını ərazidən uzaqdakı təhsil ocaqlarına apara bilir, imkanı olmayanlar isə çıxılmaz vəziyyətə düşüb.
Dərs ilində yay fasiləsi yaransa da, yeni şəhərcikdə hələ də məktəb binası inşa edilmir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov da yeni salınan şəhərcikdə məktəb probleminin qaldığını təsdiqləyib. O,
Modern.az-a açıqlamasında bildirdi ki, hələ ki, həmin ərazidə məktəb tikintisi aparılmır.
“Həmin ərazidə heç bir tikinti işi getmir. Çünki məktəb tikintisi üçün torpaq sahəsi ayrılmayıb. Bunun üçün müzakirələr aparılır”.
Komitə rəsmisi onu da bildirdi ki, gələcəkdə məktəb tikintisi üçün torpaq sahəsi ayrılarsa, müvafiq tədbirlər görüləcək.
“Problemin nə zaman həll ediləcəyini dəqiq deyə bilmərəm. Onu deyə bilərəm ki, məktəb tikintisi üçün torpaq sahəsinin ayrılması müzakirə edilir”.
Gültəkin ƏLƏSGƏR