Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin nüfuzlu “Ekovitrin” jurnalı tərəfindən keçirilmiş rəy sorğusunun nəticələrinə görə türk dövlətləri, Orta Asiya və Cənubi Qafqazda seçildiyi “10 ilin dövlət adamı” mükafatının iyulun 13-də İstanbulda təqdimat mərasimi keçiriləcək
AzərTAc-ın bu barədə “Ekovitrin”də getmiş geniş məqaləyə istinadən xəbər verdiyi kimi, jurnalın keçirdiyi rəy sorğusunda 270 min 992 respondent iştirak edib. Məqalədə İlham Əliyevin Azərbaycan Prezidenti vəzifəsində səmərəli fəaliyyəti, qazandığı uğurlar barədə ətraflı məlumat verilib.
Qeyd edilib ki, son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf etmiş və dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib. Nəşrdə dövlətimizin başçısının daxili və xarici siyasətinin uğurları geniş şərh olunub.
Bildirilib ki, Azərbaycanın neft strategiyasının uğurla davam etdirilməsi, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin tikintisinin başa çatdırılması, enerji resurslarının dünya bazarına çıxarılması nəticəsində ölkənin büdcəsinə milyardlarla dollar vəsait daxil olub.
Jurnalda qeyd edilib ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirir və onu dəstəkləyir. Ölkədə keçiriləcək növbəti prezident seçkilərində İlham Əliyevə rəqib ola biləcək şəxs yoxdur. Məhz bu uğurlara görə Prezident İlham Əliyev “10 ilin dövlət adamı” seçilib.
Modern.az