Modern.az

Milli Şurada Qarabağ konsepsiyası hazırlanır

Milli Şurada Qarabağ konsepsiyası hazırlanır

Aktual

15 İyul 2013, 12:25

“Qarabağ Komissiyası Milli Şuranın tərkibində problemin yaranması, onun tarixi, mərhələləri, indiki durumu və mövcud vəziyyətdən çıxış yolu haqqında müəyyən konseptual baxışlar sistemi hazırlayacaq”. Bunu Modern.az-a açıqlamasında Milli Şuranın Qarabağ Komissiyasının sədri Cəmil Həsənli komitənin fəaliyyət perspektivini şərh edərkən deyib.

O, təəssüflə qeyd edib ki, 20 ildən artıq davam edən münaqişəni hakimiyyət orqanları çözə bilməyib. “Dəfələrlə məsələ qaldırılsa da, Azərbaycanın heç bir qurumunda Qarabağla bağlı struktur yoxdur”, – deyən Milli Şura üzvü bildirib ki, problemin məsuliyyətinin əvvəldən ölkə prezidentinin üzərinə qoyulması yanlış mövqe idi. “Bununla da digər strukturların problemin müzakirə və həllindən uzaqlaşdırılmasına gətirib çıxardı”.

Qarabağ probleminin Milli Şura tərəfindən tanıdılmasından söz açan komissiya sədri vurğulayıb ki, bu gün daha çox Azərbaycan cəmiyyətinə optimal siyasət yürütməklə böhrandan çıxış yolunu tanıtmağa daha çox ehtiyac var. “Məsələyə həm də iki aspektdən yanaşmaq lazımdır. Xariciləri daha çox məsələnin tarixi ilə tanış etmək lazımdır. Hazırkı durum və ondan çıxış yolu haqqında isə ölkə ictimaiyyətini məlumatlandırmaq lazımdır. Təəssüflər olsun ki, Qarabağ probleminə münasibətdə siyasi mühit, cəmiyyətdə biganəlik yaranıb”.

Milli Şura üzvü daha sonra işğal olunmuş ərazilər və televiziya proqramları kontekstində müqayisə aparıb. “Ərazisi işğal olunan dövlətin televiziyaları bu formada ola bilməz. Beynəlxalq təşkilatların başlıca məqsədi də o idi ki, bizi status-kvoya və işğala uyğunlaşdırsınlar. Azərbaycan toplumu da böyük məmnuniyyətlə buna adaptasiya olundu. Milli Şuranın isə məqsədi ondan ibarətdir ki, Azərbaycan cəmiyyətində arxa plana keçirilmiş ərazilərin işğal faktorunu və Qarabağ problemini ictimai fikirdə ön yerə keçirdək”.

Aqşin Kərimov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı