Əvvəllər bahalı telefonlar dəb sayılırdısa, indi kimin telefonunda yaxşı Zəngimcell varsa deməli o dəblə ayaqlaşır. Daha çox gənclərin üstünlük verdiyi bu parçalar arasında isə sözsüz ki, Zeynəb Xanlarovaya, Rəşid Behbudova, Üzeyir Hacıbəyova rast gəlinmir. Elə DSC (Digital Services Company) şirkətinin biznes və əməliyyat direktoru Könül Bilalova ilə söhbət zamanı da sifariş olunan zəngimcell parçaları arasında nə Zeynəb Xanlarova, nə Rəşib Behbudov, nə də Üzeyir Hacıbəyovun adları çəkildi. Həmsöhbətim bildirdi ki, Zəngimcell parçaları tez-tez dəyişir. Odur ki, hansı müğənninin daha çox sifariş olunduğunu demək olmur.
“Zəngimcell parçaları arasında hansı müğənninin üstünlük təşkil etməsi çox dəyişkəndir və dövrə bağlıdır. Hətta Zəngimcell parçaları arasında muğam ustası ilə yanaşı, “ara müğənnisi” də ola bilər”.
Könül Bilalova zəngimcelldə bütün dövrlər boyu dəyişməyən parçaların da olduğunu söylədi. Onun dediyinə görə, bunlar kino fraqmentləri, Röya və bir-iki meyxana ustasıdır. “Bu gün Röyanın “Sil getsin” mahnısı daha çox satılır. Bu mahnı yeni çıxdığından həmin mahnı zəngimcellərə daha çox qoyulur. “Mən fəxr edirəm ki, azərbaycanlıyam” parçası da ən çox satılan Zəngimcell parçalarındandır. Müəyyən vaxtlar da meyxanaçılaradan da birinci olanları olur. “Dovay dosvidaniya” meyxanası yeni çıxan ərəfədə zəngimcelldə daha çox dinlənilirdi. Müəyyən müddət Üzeyir Mehdizadə də öndə idi. Zamanında Faiq Ağayev çox alınırdı. Son vaxtlar yeni mahnı oxumur, ona görə də satışda da yoxdur”.
Gültəkin ƏLƏSGƏR