“Bir çox ölkədə abort qadağan edildiyi halda, Azərbaycanda hələ doğulmayan körpənin yaşam hüququ əlindən alınır”. Bu barədə
Modern.az-a danışan sosioloq Əhməd Qəşəmoğlu deyib ki, abort çox böyük miqyasda müzakirə olunan bir məsələdir.
”Elə bir cəmiyyət yoxdur ki, orada abort olmasın, qadağalar olsa belə. Gizli yollarla da olsa, bu, davam edir. Həkim xəstəni evdə qəbul edir, xəlvəti abort edir. Bununla yanaşı, abort etdirənin də külli miqdarda xərci çıxır. Nə qədər inzibati yolla qadağa olsa, onun rüşvəti də bir o qədər çox olacaq. Abortun qadağan olunması Azərbaycan üçün düzgün deyil. Çünki bu gizli yolla yenə davam edəcək. Ancaq biz bu yöndə maarifləndirmə işi aparmalıyıq”, – deyə Ə. Qəşəmoğlu qeyd edib. Ə. Qəşəmoğlu bildirib ki, bölgələrdə keçirilən monitorinqlərdə xeyli sayda abort etdirən qadın müəyyən edilib. “Hətta bir qadın 54 dəfə buna əl atıb. Bu qadınların əksəriyyəti 45 yaşdan sonra ciddi xəstəliyə tutulurlar. Onlar çox yaşamırlar. İndi sağlamlıqla, ailə planlaşdırılması ilə bağlı beynəlxalq təşkilatlarda, Səhiyyə Nazirliyində proqramlar həyata keçirilir. Demək olar ki, abort sayı azalıb. Ancaq statistikaya görə, indi doğulan oğlan uşaqları qız uşaqlarına nisbətən çoxdur. Bu da Azərbaycanda abortun nə qədər geniş yayıldığını göstərir”. “Sağlam Toplum” İctimai Birliyinin sədri, jurnalist Lalə Mehralı da abort haqqında öz fikrini bildirib: “Bu gün Azərbaycanda abort qadağan deyil. Ancaq ali tibbi təhsili olmayan tibb işçilərinin abort etməsi qanunla qadağandır. Həkim ev şəraitində, xəstəxana küncündə abort edə bilər. Bunlar qanunla qadağandır və hətta cərimə cəzası da var. Ümumilikdə, abortun qadağan olunmasının tərəfdarıyam. Millət vəkilləri bununla bağlı qanuna ölkənin hazır olmadığını deyib. Çünki ,bizim ölkədə abort qadağan olunarsa, hamiləliyə qarşı vasitələrin geniş təbliğinə ehtiyac var. Elə ailələr var ki, onların hamiləliyə qarşı hər hansı vasitə almağa imkanı olmur və bunun nəticəsində də arzuolunmaz hamiləlik yaranır. Əgər qadında ailə planlaşdırılması barədə məlumat olsa, bu cür halların qarşısı az da olsa azalar. Boş-boş reklamlara vəsait ayırmaqdansa, hamiləlik haqqında maarifləndirici verilişlər verilsin. Bir dəfə abort olunan qadının uşaqlığının divarında hansı zədələr yaranır və növbəti arzuolunan hamiləlik ərəfəsində hansı xoşagəlməzliklər ola bilər, bunlar haqqında məlumat verilsin. Qadınlar nə qədər ki, özlərini qorumurlar, tibb işçiləri bundan yetəri qədər istifadə edəcəklər. Məncə yaxın gələcəkdə bizim də ölkədə abort qadağan olacaq. Ancaq bəzi hallarda, əgər qadın xəstə olarsa, dünyaya gələcək olan uşaq onun həyatı üçün təhlükə yaradarsa, bu halda abort etmək olar. Ancaq hər yerindən duran, bəhanələrlə uşaqların qanına qəltan edilməsi dəhşətli haldır”.
Ulduz İBRAHİMOVA