Azərbaycanda prezident seçkilərinin keçirilməsinə üç aydan da az vaxt qalıb. Builki prezident seçkilərinin əvvəlki seçkilərdən fərqlənəcəyini söyləmək üçün əlimizdə xeyli əsas var. Siyasi analitiklər də maraqlı seçki mübarizəsi vəd edirlər. Psixoloji Portretologiya və Siyasi Analizlər Mərkəzinin rəhbəri Adıgözəl Məmmədovla söhbətimizə bu mövzu ilə başladıq:
- Builki prezident seçkiləri indiyə kimi Azərbaycanda keçirilən seçkilərdən kəskin şəkildə fərqlənəcək. Bunu söyləmək üçün xeyli əsasımız var. İlk əvvəl onu qeyd etmək lazımdır ki, Azərbaycanın mental yaddaşı mövcud konyukturanın çərçivəsinə sığmır. İkinci amil isə odur ki, ölkənin siyasi səhnəsində ənənəvi və “növbətçi” siyasətçilərdən fərqli olaraq, yeni siyasi simalar önə çıxır. Üçüncü faktor geopolitik dilemmanın tündləşməsidir. Digər bir amil isə Azərbaycanın əvvəlki illərdən fərqli olaraq, daha da qloballaşmasıdır. Beşinci mühüm faktor isə odur ki, dəyərlər sisteminin arxitektonikası transformasiya olmuşdur.
- Bəlkə fikirlərinizi bir qədər də genişləndirəsiniz. Məsələn, “Azərbaycanın mental yaddaşı mövcud konyukturanın içinə sığmır” dedikdə nəyi nəzərdə tutursunuz? - Hər bir xalqın mövcudiyyətindən üzü bəri mental xüsusiyyətlərini formalaşdıran genoloji yaddaşı var. Və bu komponentlər mövcud xalqın nümayəndəsinin təfəkkür sisteminin özülünü təşkil edir. Sadə bir misal: hər bir azərbaycanlı ailəsində sosial statusundan asılı olmayaraq, əxlaq kodeksinin toxunulmazlığı ən ümdə məsələ olur. Yəni, ailə başçısı oğlan və ya qız olmasından asılı olmayaraq, öz övladlarının mental dəyərlərə bağlı olmasına çalışır, üstəlik, özü bu prosesə nəzarət edir. Və bu keyfiyyət yeni nəsillərə ötürülür. Lakin dünyanın kiçilməsi nəticəsində yad mental xüsusiyyətlərin Azərbaycan mentallığına sirayəti müşahidə olunur. Bu da istər-istəməz mental dəyərlər sistemində gərginlik yaradır. Fikir verin, son dönəmlər Azərbaycanda həm suisit halı, həm də namus üstündə baş verən cinayətlərin sayı artmışdır. Və bu gərginliyin yaranmasının əsas səbəbkarı özəl televiziyalardır. Çünki bu televiziyalarda əxlaqsız insanlar əxlaqdan, fərarilər isə qəhrəmanlıqdan danışırlar. Yuxarıda sadaladığımız bu və digər faktorlar seçkiqabağı atmisferə ciddi təsir edən amillərdir.
- İkinci tezisin seçki prosesinə təsiri nədən ibarət ola bilər? - Azərbaycanın siyasi səhnəsində yeni bir situasiya ilə qarşılaşmışıq. Əslində, bu günə qədər siyasi səhnədə formalaşmış ənənəvi qüvvələr nisbətində yeni tərəflər önə çıxmışdır. Bu vəziyyət isə hər iki tərəfin adekvat reaksiyası ilı müşahidə olunur. Hamının tanıdığı “növbətçi” müxalif liderlər yeni oyunçularla rəqabətə giriblər. Və bu da özünüqoruma instinktini işə salıb. Yuxarıda qeyd ediyim “növbətçi” müxalifət liderləri yeni gələn qüvvələrlə və yeni nəsillə gizli mübarizəyə girişiblər. Amma iqtidardar üçün tanıdığı müxalifətlə mübarizə aparmaq daha asandır. Regionumuzda baş verən prosesləri təhlil etdikdə aydın olur ki, yeni bir geopolitik güc formalaşır. Bu yeni formalaşan geopolitik güc dünyada dominantlıq qazanmış Amerika hegemoniyasına qarşı çıxır. Yeni formalaşan geopolitik güc 4 konbinatik formada özünü büruzə verir. Rusiya ilə Çinin əsasını təşkil etdiyi Şanxay İşbirliyi Təşkilatı formasında.
İkincisi, BRHÇCA (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası )Təşkilatı formasında. Bu təşkilat yaxın gələcəkdə dollardan imtina edərək, beynəlxalq hesablaşmalarda yeni valyutanın yaradılmasını qarşısına məqsəd qoymuşdur. Nəzərə almaq lazımdır ki, bu gün büynəlxalq hesablaşmalarda istifadə edilən dolların arxasında ona ekvalent qızıl dayanmayıb. Halbuki, hər bir pulun arxasında onun qızıl ekvalenti dayanmalıdır. Dünya banklarındakı qızıl ehtiyatını bir yerə yığsan, dövriyyədə olan dolların onda dördü etmir. Əslində, Amerika hegemoniyasının arxasında bu düstur dayanır. ABŞ istədiyi qədər dollar kağızını istehsal edib, dünya tədavül sisteminə daxil etməklə dünya ölkələrinin yeraltı və yerüstü sərvətlərini əldə edir. Bu reallığı anlayan dövlətlər bir yerə yığılaraq, yuxarıda qeyd etdiyim istiqamətdə fəaliyyətlərini qururlar. Ona görə də dünya siyasi səhnəsindəki bu haçalanma Azərbaycandan da təsirsiz ötüşməyəcək. Tərəflər öz maraqlarının Azərbaycanda təmsil olunması üçün müxtəlif siyasi insturmentlərdən istifadə edəcəklər. Azərbaycanın geopolitik, coğrafi yerləşimi ona gətirdiyi üstünlüklərlə bərabər, bu cür situasiyalara da səbəb olur.
- Amma əksər müşahidəçilər hadisələrin inkişafında yeni qüvvələr nisbətinin rolunu yüksək qiymətləndirirlər... - Mövcud vəziyyətdən irəli gələn yeni qüvvələr nisbəti qlobal dünyada Azərbaycanın geopolitik yerləşiminə yeni korrektələr etməyə məcbur edəcəkdir. Açığı, bu məqamda bir tənqidi fikrimi də söyləmək istəyirəm. Azərbaycan dövləti tərəfindən maliyyələşən Strateji Araşdırmalar Mərkəzi bu məsələlərə daha çox diqqət etməlidir. Çox təəssüf ki, bu institun mütəxəssislərinin nə yazılarında, nə də çıxışlarında yuxarıda səsləndirdiyim fikirlərin təhlilini görtmürük. Sonda onu da qeyd etmək yerinə düşər ki, dünyadakı yeni vəziyyət regiondakı dövlətlərin siyasi proseslərinə yeni rəng qatmışdır. Artıq dəyərlər sistemi öz yeknəsəkliyi ilə özünü göstərməyə başklamışdır. Amerika hegemonluğunun ideoloji konsepsiyasının əsasını təşkil edən liberal-demokratiya siyasi təlimi çox ciddi transformasiyaya uğramışdır. İnsanlar açıq-aşkar görürlər ki, Vaşinqton liberal dəyərlərdən daha çox öz milli mənfəətlərinə üstünlük verir. Əgər milli mənfəətlər tələb edərsə, liberal dəyərlər unudulur, avtoritar rejimlərin formalaşmasına təkan verilir. Məhz bu da insanlar arasında Amerika liberalizminə inamı azaldır. Ona görə də mövcud vəziyyət seçkilər ərəfəsində bizi bir neçə dilemma ilə üz-üzə qoyub. Məhz bu faktorların qarşıdan gələn seçkilərdə təsirini müşahidə edəcəyik.
Seymur VAQİFOĞLU