Modern.az

İqtidarın gözü müxalifətdə, müxalifətin də gözü iqtidarda...

İqtidarın gözü müxalifətdə, müxalifətin də gözü iqtidarda...

Aktual

20 İyul 2013, 23:03

Namidə BİNGÖL

Həftənin subyektiv icmalı

Elə ki yay gəldi, açıq səma altında nərd oynayan kişilərin nəriltisi ətrafa yayılır. Amma siyasi düşərgə həmişə səsli-küylü olur. Burdakı kişilərin zər atması adi kişilərin zər atmasına bənzəmir. Necə deyərlər, mənim havamı çalın ki, öz havama özüm oynayım. Bir sözlə, bəy havası çalın! Sözümün canı var. Yazını sonuna qədər oxusanız nə demək istədiyimi biləcəksiniz!

ABŞ-a pənah aparanlar

“Örtülü bazar, dostluğu pozar” deyiblər. Bir həqiqət də var ki, siyasi düşərgədə dostluğu örtülü bazar pozmur. Burda qaydalar çayın əksi istiqamətində dövr edir. Bir-birindən narazı qüvvələr üz-üzə gələndə görməzlikdən gəlir. Yəqin, üz-üzdən utanır.
Bir qrup siyasətçi dəstələnib okeanın o tayına pənah apardılar. Müxalifəti də, iqtidarı da eyni çadırın altına sığınmaq məcburiyyətində qaldılar. Həmin situasiyanı çox yaxşı təsəvvür edirəm. Seçki ilidir. Hər iki düşərgədə gərgin mübarizə gedir. İqtidarın gözü müxalifətə, müxalifətin də gözü iqtidara sataşanda hətta, hərarət 40-ı keçir. Nədənsə, ABŞ-a edilən səfərin reallığa çevrilməsi, Milli Məclisin keçmiş spikeri, ACP-nın lideri Rəsul Quliyevə inandırıcı görünmürdü. Çox güman ki, Rəsul bəy, okeanın o tərəfindən Xəzərin bu tərəfinə baxanda burda baş verən hadisələr ona gülünc görünür. Belə olmasaydı, Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazovla görüşməsinə qeyri-ciddi yanaşmazdı. Rəsul bəy, demiş, ”Eldar Namazovla görüş tarixi hadisə deyil”. Buna baxmayaraq, sıradan olan görüş baş tutdu. Hərçənd, ABŞ səfərinin baş tutmayacağını israr edən Rəsul bəy, Helsinki dinləmələrini də özü təşkil etdi. Daha nə deyə bilərəm ki. Dolaşığa düşən sapı açmaq, müşgül məsələdir. Elə siz siyasətçilərin dolaşıq fikirlərini açmaq kimi!

Qardaş qardaşa nə gündə lazımdır?

Eldar Namazovun ABŞ-a edilən səfəri Rüstəm İbrahimbəyovun Brüsselə edilən səfərindən daha real göründü. Çünki təşkil olunan görüşlərin yalnız biri baş tutdu. Nə fərqi var. O olmasın, bu olsun. Əsas odur ki, təşkil olunan görüşlərin məqsədi aydındır. Brüssel görüşü baş tutmasa da, ABŞ səfərini gerçəkləşdirən Eldar Namazov siyasi cəbhədəki qardaşının müdafiəsinə qalxdı. Milli Şuranın vahid namizədi seçilən Rüstəm İbrahimbəyovun barəsində səslənən fikirlərə aydınlıq gətirdi. “Onu Azərbaycandan kənarda yaşayan şəxs kimi təqdim etmək çox böyük yanlışlıqdır”. Hər halda, bu sizin yanaşmanızdır. Həqiqət odur ki, Rüstəm İbrahimbəyov ortada yoxdur. Gəlişini dörd gözlə gözləyirlər. Hər halda, o da deyir gələcəm. Maraqlıdır, Rüstəm İbrahimbəyovun Azərbaycana gəlişi, Brüssel səfəri kimi sözdə qüvvədə deyil ki? Yenə də hər şeyi zamanın ixtiyarına buraxaq.

Sərdar Cəlaloğlunun bəyi dəstəkləməsi

Bu siyasət ki var çox qəliz oyundur. Bu oyunun içindəsənsə mütləq ya tora düşməlisən, ya da tora salmalısan. Elə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu kimi. Məlum Milli Şura yaranandan onunla düz gəlməyən Sərdar müəllim, indi də deyir, “Lazım gələrsə, Rüstəm İbrahimbəyovun namizədliyini dəstəkləyə bilərik”. Deməyəcəyəm ki, bu meydan, bu da şeytan. Onsuz da, meydan sizin əlinizdədir. İstədiyiniz zaman qılıncınızı çəkib hücuma keçirsiniz. Məgər, sizin qarşınıza keçib “dur” demək olur ki?! Yəqin Rüstəm İbrahimbəyov sizin gözünüzdə dahiləşib. Maraqlıdır, bir vaxtlar, xalq şairini, xalq qəhrəmanını qorxmadan təhqir edən Sərdar bəy, elə-belə şərtlər əsasında Rüstəm bəyi dəstəkləmək qərarına gələ bilərmi?! Hər halda, maraqlıdır.

Belə əziz oxucularım! Hər həftə sizinlə subyektiv fikirlərimi bölüşmək mənə xüsusi zövq verir. Yazının əvvəlində siyasi düşərgədə kişilərin zər atmasını adi kişilərin zər atmasına bənzəmədiyini demişdim. Bir həqiqət də var ki, zər atmaqla, başa qızıldan tac taxmaqla deyil, gərək insanın özü qiymətli olsun. Uzunqulağın başına brilliant da taxsan, elə uzunqulaqdır ki, uzunqulaqdır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı