“2004-cü ildən sonra müxtəlif xarici ölkə ali məktəblərindən Azərbaycan Beynəlxalq Uuniversitetinə Təhsil Nazirliyinin razılığı olmadan, saxta sənədlər əsasında köçürülən, xaricdə təhsil aldığı ali məktəbin adını belə bilməyən bir çox tələbə təhsilini davam etdirmək üçün nazirliyə ərizə ilə müraciət edirlər”.
Modern.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Facebook səhifəsində vətəndaşların suallarına cavab verilərkən qeyd edilib.
“Belə tələbələrin əksəriyyəti ərizələrində birinci kursda Rusiyanın (Stalski adına Açıq Sosial Universiteti, Ş.Şamil adına Qafqaz Xalqları Universiteti, Dərbənd Humanitar İnstitutu, Moskva Dövlət Sosial Universitetinin Maxaçqala filialı və s.) və ya Ukraynanın (Heyətin İdarəolunması Beynəlxalq Akademiyası – Международная Академия Управления Персоналом və s.) müxtəlif ali məktəblərində təhsil aldığı və sonradan ABU-ya köçürüldüyünü bildirib və onların təhsilini başa vurmalarına köməklik göstərilməsini xahiş ediblər. Lakin onların 1-ci kursda təhsil aldıqları ali məktəbə sorğular göndərildikdə həmin tələbələrin orada təhsil almadığı və ümumiyyətlə bir çox ixtisasların həmin ali məktəbdə olmadığı göstərilirdi.
Nəzərinizə çatdırırıq ki, bu günə qədər bu qəbildən olan tələbələr digər ali təhsil müəssisələrinə yerləşdirilməyiblər. Yalnız belə vətəndaşların şikayəti əsasında Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsində aparılan istintaq başa çatdıqdan sonra bu tələbələrlə bağlı istintaqın yekunlarına uyğun qəbul olunmuş qərara əsasən tədbirlər görüləcək”.
Müəllimlərin məzuniyyətinə gəlincə isə, nazirlik bildirib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 118-ci maddəsinə əsasən bildiririk ki, bütün ixtisas və adlardan olan müəllimlərə əmək məzuniyyəti 56 təqvim günü müddətində verilməlidir.
“Eyni zamanda həmin Məcəllənin 140-cı maddəsinə əsasən məzuniyyət vaxtı üçün ödənilən orta əməkhaqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əməkhaqqına əsasən müəyyən edilir.
12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əməkhaqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır.
Məzuniyyət günlərinin əməkhaqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əməkhaqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əməkhaqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına - 30,4-ə bölmək yolu ilə bir günlük əməkhaqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əməkhaqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur”. Nazirlik eyni zamanda müasir tələblərə cavab verməyən müəllimlətin ixtisasartırma kurslarına cəlb olunduğunu, onlar üçün yerlərdə öyrədici seminar və treninqlər təşkil edildiyini bildirib.
“Eyni zamanda son bir neçə ildir ki, müəllimlərin işə qəbulu Təhsil Nazirliyində təşkil edilən test vasitəsi ilə həyata keçirilir. Bu, hazırlıqsız müəllimlərin məktəblərə təyin olunmasının qarşısının alınmasında mühüm rol oynayır. Şagird və valideynləri qane etməyən konkret müəllimlərə münasibətdə ictimaiyyət də prinsipial mövqe tutmalıdır. Bu işdə valideyn komitələri, valideyn-məktəb assosiasiyaları fəallıq göstərməli, öz fikirlərini açıq bildirməlidir”.
Aytən ƏLİYEVA