Modern.az

İlham Əliyev şeyxülislamın iftar süfrəsinə qatılıb - FOTOLAR

İlham Əliyev şeyxülislamın iftar süfrəsinə qatılıb - FOTOLAR

Aktual

25 İyul 2013, 00:52

İyulun 24-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar mərasimi təşkil edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iftar mərasiminə qatılıb.

İftar mərasimi Qurani-Kərimdən ayələrin oxunması ilə başlayıb.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə təşkil olunan iftar mərasiminə dəvəti qəbul etdiyinə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib, bunun İslam dininə və milli mənəvi dəyərlərimizə yüksək ehtiramın əlaməti olduğunu söyləyib. Şeyxülislam qeyd etdi ki, Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayıdır. Azərbaycanda təşkil olunan iftar süfrələri də ölkəmizdə ənənəvi tolerantlığı və sıx birliyi nümayiş etdirir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri ölkədə gedən sürətli sosial-iqtisadi inkişafı və nümunəvi tolerantlığı beynəlxalq birliyin də etiraf etdiyini deyib. Milli mənəvi dəyərlərimizin qorunub möhkəmləndirilməsində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın da xüsusi xidmətlərini diqqətə çatdıran şeyxülislam Allahşükür Paşazadə qədim tarixə malik məscid və ziyarətgahlarımızın, sinaqoq və kilsələrin bərpasında dövlətin ardıcıl tədbirlər həyata keçirdiyini bildirib.
Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının rəhbəri Aleksandr Azərbaycanda hökm sürən tolerantlığın beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini bildirib.

Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, Azərbaycandakı Katolik kilsəsinin baş keşişi Vladimir Fekete ölkəmizdə dövlət ilə dini icmalar arasında konstruktiv münasibətlərin formalaşdığını və dinlərarası dialoqun yüksək səviyyədə olduğunu söylədilər, təbriklərini çatdırıblar.

İlham Əliyev mərasimdə çıxış edib.

Prezident gözəl ənənəyə çevrilən iftar mərasimini cəmiyyətimizin vahidliyinin, ümumi amallar naminə ölkəmizdə dövlət ilə din arasında sıx birliyin bariz nümunəsi kimi dəyərləndirib. İlham Əliyev bəşəri dəyərlərə hörmətlə yanaşılan, beynəlxalq birliyə inteqrasiya edən Azərbaycanın İslam həmrəyliyinə də töhfələrini əsirgəmədiyini deyib.
Azərbaycanın mədəniyyətlər və dinlərarası dialoqa töhfələrini əsirgəmədiyini vurğulayan dövlət başçısı dini ocaqların yenidən qurulmasının da daim dövlətin diqqət mərkəzində olduğunu bildirib.
Sonra iftar süfrəsi açılıb.








 
 
 
 
 
 
 
Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı