Horadizdə işğal dövrü yandırılmış küçələrdən birinin açılışı olub

Bu gün Horadiz şəhərində işğal dövrü yandırılmış və dagıdılmış 2,5 km uzunluğunda olan mərkəzi küçələrdən birinin açılışı mərasimi keçirilib.
Füzuli rayon İcra Hakimiyyətindən
Modern.az-a verilən məlumata görə, küçə müasir dizayna uyğun bəzədilib, elektrik kabelləri yeraltı sistemlə çəkilib, müasir elektrik dirəkləri quraşdırılıb, 700-ə qədər müxtəlif növ həmişəyaşıl ağaclar əkilib.
Bu münasibətlə rayon İcra Hakimiyyəti başçısının və rayon ictimaiyyətinin iştirakı ilə tədbir keçirilibr. Tədbirdə çıxış edən küçə sakinləri Füzuli rayonuna göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər. Hazırda Horadiz şəhərinin daha 3 küçəsində təmir və bərpa işləri aparılır və yaxın vaxtlarda işlər başa çatdırılaraq sakinlərin istifadəsinə veriləcək.
Yeri gəlmişkən Bu gün Horadiz şəhər Mədəniyyət Sarayında Füzuli rayon İcra Hakimiyyətinin 2013-cü ilin birinci yarim ilinin sosial-iqtisadi inkişafinın yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı da keçirilib.
Tədbirdə rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, bir qrup fəallar iştirak edib.
Hesabat yığıncağında Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev ”Füzuli rayonunun 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında” məruzə ilə çıxış edib. Alı Alıyev bildirib ki, yola salınan yarım il bir sıra əlamətdar hadisələrlə yadda qalıb. “Regionlarının 2009-2013-cü llərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”ndan danışan icra başçısı sənəddə Füzuliyə dair 17 müddəanın nəzərdə tutulduğunu və onların əksəriyyətinin uğurla başa çatdırıldığını deyib. “Dövlət Proqramında taxılçılığın, heyvandarlığın, tərəvəzçiliyin, pambıqçılığın inkişaf etdirilməsi nəzərdə tutulmuşdur. Taxılçılıqdakı uğurlarımız ürəkaçandır. 39,7 min hektar sahənin məhsulu nəzərdə tutulmuş müddətdə biçilmişdir, 111 min ton taxıl əldə edilmişdir. Mən deyərdim ki, rayonun tarixində bu nəticə olmamışdır. Biz ilk dəfə olaraq keçən il 101 min ton, bu il isə 111 min ton taxıl istehsal etmişik”-deyə Alı Alıyev vurğulayıb.
Alı Alıyevin sözlərinə görə, prezident İlham Əliyevin taxılçılığın inkişaf etdirilməsinə dair göstərişindən sonra rayonda 300 hektar sahədə məhsuldar toxumluq təsərrüfatı yaradılıb və bu il həmin sahələrdən 53-55 sentner taxıl götürülüb. Alı Alıyev bildirib ki, ölkə başçısının 13 iyul 2011-ci il tarixli sərəncamı əsasında rayonun Əhmədbəyli – İkinci Mahmuldu – Aşağı Kürdmahmudlu – Yuxarı Kurdmahmudlu – Alıxanlı kəndlərini birləşdirən 21,9 kilometr, Bala Bəhmənli – Araz Dilağarda – Səngər – Araz Zərgar kəndlərini birləşdirən 6,9 kilometr, cəmi 28,8 km yol əsaslı bərpa olunub. Horadiz şəhərində Heydər Əliyev prospektinin, əlavə küçələrin 5 km yollarını da nəzərdə tutsaq 34 km yol əsaslı bərpa olunub.
“Yolların bərpası istiqamətində tədbirlər davam etdirilir. Respublika höküməti qarşısında məsələ qaldırmışıq və razılıq əldə etmişik ki, Böyük Bəhmənli, Kərimbəyli, Aşağı Yağlıvənd, Birinci Mahmudlu, Qarabağ, Əhmədalılar-Qazaxlar kəndlərindəki 36,4 kilometrlik yararsız yolların əsaslı bərpasını da həyata keçirək. Belə olarsa rayon ərazisində yollarla bağlı problemlər tamamilə həll ediləcək”.
Alı Alıyev rayon ərazisində 19 yaşayış məntəqəsində 8 minə yaxın ailəyə təbii qaz xətti çəkildiyini və əhalinin bu vacib məişət probleminin həll olunduğunu vurğulayıb və sentyabr ayınadək Zobucuqdakı 5 qəsəbəinin də tamamilə qazlaşdırılacağını nəzərə çatdırıb. Füzuli rayon İcra Hakimiyyətinin başçısı rayonda səhiyyə, təhsil, mədəniyyət, sosial-iqtisadi sahələrdə əldə edilən nailiyyətləri, qazanılan uğurları qeyd etməklə bir sıra problemlərin, nöqsanların mövcud olduğunu da bildirb. O, çatışmamazlıqların qısa müddət ərzində aradan qaldırılması üçün aiddiyati orqanları tapşırıqlar verib.
Tədbirdə həmçinin Horadiz şəhər icra nümayəndəsi, rayon Statistika İdarəsinin rəisi, rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru, Heydər Əliyev Mərkəzinin direktoru, rayon vergilər idarəsinin rəisi və rayon maliyyə şöbəsinin müdiri çıxış ediblər.
Modern.az