Modern.az

Özünü nə qədər tanıyırsan?

Özünü nə qədər tanıyırsan?

Aktual

29 İyul 2013, 12:36

Qənirə Paşayeva,
millət vəkili


Tovuzda seçki bölgəmdə gənclərlə görüşürdüm. Gənc bir qız "Qənirə xanım, sizcə Ramazan ayının insan üçün ən önəmli cəhəti nədir?" deyə soruşdu. Bu sual üzərinə kiçik amma maraqlı bir söhbət alındı.

 İlk öncə, "Səncə dünyada gerçək insan ola bilmək üçün nə etmək lazımdır?" deyə sual etdim – sualına sualla cavab verdim onun.

 Deyəsən gözləmirdi belə bir sualı ancaq “vəziyyət”dən çıxmağı bacardı:

 -Bəs sizcə?..

 Dedim:

 -Özünü tanımaq lazımdır...

 -Bunun Ramazanla nə əlaqəsi var? - deyə həmən bir də sual etdi o qız.

 -Hər gün tutduğun oruc özünü tanımağa imkan yaradır. Nəfsinlə mübarizə aparıb-apara bilmədiyini, nəfsinlə mübarizədə gücünü anlamağa kömək edir. Özünü tanımağa başlayırsan. Çünki gerçək insan olmanın yolu nəfslə mübarizədən keçir və Ramazan ayı bizə bunu öyrədir..! O bizə Böyük Cihadı öyrədir. İnsanın özü ilə mübarizəsi başqaları ilə mübarizədən qat-qat çətindir. Özünə qalib gələ bilmək, başqalarına qalib gələ bilməkdən çox çətindir. Ramazan bizə bunu və yollarını öyrədir.

 Növbəti sualı hazır idi:

 -Bəs sonra?

 -İkincisi, başqalarını anlamağa kömək edir Ramazan. – Acları, yoxsulları, çarəsizləri... Özünü tanıyan və başqalarını anlayan insan isə gerçək insan olma yolundadır. Hər il Ramazan ayı bizə özümüzü yoxlamaq, sınaqdan keçirmək üçün də gözəl bir fürsət, deyərdim, şansdır. Ötən Ramazandan keçən bir il ərzində Allahın mənə verdiyi ömrü necə dəyərləndirdim, gerçək insan olma yolunda nə qədər addımlaya bildim, deyə...

 Növbəti sual da “Bəs sonra?” idi və mən usanmadan, gücüm çatan qədər “sonradan sonra”nı anlatmağa çalışdım:

 - Ramazanı anlayan insan həyatı anlayan insandır. Yaradanı anlayan insandır. Yaradılanı anlayan insandır. Bir sözlə, əsl insandır!..

 O yenə sual verəcək havada idi… hiss tedim ki, bu dəfə “bəs sonra” deməyəcək və sual yağışı dayanacaq. Elə də oldu:

 -Sizcə mən nədən başlamalıyam?

 - Bilmirəm, dedim... Əgər məndən "Siz nədən başladınız?"- deyə soruşsaydın özümü tanımaqdan və anlamaqdan deyə cavab verərdim...

 Söhbətimiz bunula bitdi amma gerçək bundan ibarətdir ki, bu gün özünə müsəlman deyən insanların bir çox Böyük Cihad yolunda ciddi addımlar atmır. Müsəlman dünyasının xilası isə Böyük Cihaddan keçir.

 ***

 Bir gün peyğəmbərimiz Həzrəti Məhəmməd(s.a.s) bir döyüşdən sonra xalqa üz tutub deyib:

 -Artıq kiçik cihadı başa çatdırdıq, bundan sonra böyük cihada gedirik!

 Peyğəmbərimizin böyük cihad dediyi nəfsimizlə savaşdı..! Çünkü ən böyük düşmənimiz də elə nəfsimizdir, nəfsimiz... – bizi neçə (necə!) bəlalara salan nəfs!..

 Əgər hər birimiz bu böyük cihadın ön sıralarında olmaq istəsək, dünya düzələr, insanlıq bu günkü faciəsini yaşamaz...

 Nəfsini tanıyan özünü tanıyandı...

 Nəfsini tanıyan Onu tanıyandı, deyiblər...

 Özümü nə qədər tanıyıram? – Maraqlı sualdır, deyilmi? Bəs bu maraqlı suala cavab vermək necə - o da maraqlıdımı?

 Hər kəsin cihadı özünün verdiyi bu suala özünün cavabı ilə başlayır..!

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı