Modern.az

“Qardaş, mənim maşınımı kim apardı?..” - Bakı küçələrində evakuasiya necə həyata keçirilir... - ARAŞDIRMA

“Qardaş, mənim maşınımı kim apardı?..” - Bakı küçələrində evakuasiya necə həyata keçirilir... - ARAŞDIRMA

Aktual

1 Avqust 2013, 11:43


Avtomobilini yolun bir kənarında saxlayıb iki-üç dəqiqəlik aptekə və ya dükana girirsən, gələndə isə nə görsən yaxşıdır: avtomobil yerində yoxdur. Uzun axtarışdan sonra, şəxsi avtomobilini ətrafdakılardan soraqlamaq məcburiyyətində qalırsan. Yalnız yaxınlıqdakı taksi sürücülərinin köməyi ilə öyrənirsən ki, yol polisi avtomobili zəncirlə necə gəldi qoşub ərazidən evakuasiya edərək cərimə meydançasına aparıblar. Beləcə, məcbur olub cərimə meydançasına cərimə ödəməyə yollanırsan...

Bu qanunsuzluqların səbəblərini araşdırdıqda məlum olur ki, DYP-də...

...qeyri-peşəkarlar işləyirlər

Jurnalistika və İnkişaf Mərkəzi İctimai Birliyinin sədri, jurnalist Elməddin Muradlı deyir ki, bütün dünyada parklama, durma qaydasını pozduğuna görə avtomobilin evakuasiya olunması praktikası var. Amma sürücü yaxındadırsa, avtomobilinin yanından arlanmayıbsa, maşını cərimə meydançasına aparmağa heç bir ehtiyac qalmır. Çünki sürücü cəriməni yerindəcə ödəyə bilər.

“Yaxud yol polisi sürücünü qanunu pozduğuna görə tənbeh edə bilər. Təəssüf ki, yol polislərinin işi ancaq cərimə yazmaqdır. Tövsiyə etmək, inzibati tənbeh etmək praktikası yoxdur. Ümumiyyətlə, Azərbaycanda son illər evakuasiya məsələsi sanki qəribə bir tendensiya halını alıb. İstənilən hüquqi və fiziki şəxs bir evakuator maşını alaraq bu xidmətlə məşğul olur. Evakuasiya olunanda isə maşını necə gəldi aparırlar. Əyninə, başına baxırsan ki, işi-gücü olmayan adamdır, gəlib bu işlə məşğul olur. Necə gəldi zənciri avtomobilə qoşub evakuasiya edir. Belə olan halda isə avtomobil həm xaricdən, həmdə daxildən zədələnir. Avtomobillərin belə daşınmasının isə yalnız bir səbəbi var ki, onlar tez-tələsik daha çox maşın aparıb daha çox pul qazanmaq istəyirlər. Qanunla isə evakuasiya edilən maşınların zədə almamağı üçün yol polisi əməkdaşı həmin əraziyə ekspert gətirməli və maşını texniki baxışdan keçirdikdən sonra evakuasiya etməlidir”.

...gündə 500-dən çox maşın cərimələnir

Elməddin Muradlı deyir ki, gün ərzində yüzlərlə, minlərlə avtomobil cərimə meydançasına aparılır.  
“Cərimə meydançalarından birindən reportaj hazırlayarkən heç on-on beş dəqiqə olmazdı ki, cərimə meydançasındaydıq artıq 20-yə yaxın maşın gətirildi. Gün ərzində hesablasan, təxminən yüzlərlə maşın cərimə meydançasına aparılır. Amma elə bil bu qanun səhər saat 10-dan axşam saat 7-yə kimi işləyir. Yoxsa təkcə evakuatorların işi səhər saat 10-dan 7-yə kimidr? Gecə saatlarında Neftçilər prospektində iki sıra maşın park edilir. Onları niyə evakuasiya etmirlər?”. 

...polislər taksi sürücüləri ilə əlbir işləyir

Son zamanlar taksi sürücüləri ilə polislərin əlbir işlədiyini deyən jurnalist onu da bildirdi ki, polis taksi sürücüsünə həmin ərazidə dayanmağa şərait yaradır, qarşı tərəf isə bunun əvəzində qaydaları pozan avtomobilləri polisə xəbər verir.

Belə bir hadisənin şahidi olan Elməddin Muradlı bu etirafın polis dostunun dilindən eşitdiyini deyir.
“Bir dəfə yol polisi işləyən bir dostumla Milli Parkda çay içdik. Gələndə gördük ki, onun da maşınını evakuasiya ediblər. Ətrafdakılardan soruşdu ki, burda taksi sürücüsü var idi. Hardadır? Yəqin ki, o satıb məni...”.

...sürücülər aldadılır

Tarif Şurasının müəyyən etdiyi məbləğə görə, Bakı ərazisində evakuasiya xidməti 20 manat olsa da cərimə meydançasında sürücülərdən 60-70 manata qədər pul alınır. Həmsöhbətimin dediyinə görə, İnzibati Xətalar Məcəlləsinə görə, dayanma-urma qaydaları pozan sürücü 20 manat cərimə olunur. Yəni evakuasiya edilən avtomobilə görə, sürücü məcbur olub cərimə meydançasına gedərək 40 manat ödəyir. Halbuki sürücü ona tərtib olunan cəriməni 3 gün ərzində ödəyirsə, ona 20% güzəşt olunmalıdır. Əslində qanunla sürücü 18 manat ödəməlidir. Təəssüflər olsun ki, sürücülərə qəbz verilmir. Bəzi hallarda artıq qiymət deyərək məbləği 60-70 manata kimi qaldırırlar.  

““Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyi olaraq Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə keçirdiyimiz sonuncu layihə yol hərəkətindən və evakuasiya xidmətlərindən bəhs olunur. Layihəyə uyğun olaraq əksər sürücülərlə söhbətləşəndə məlum oldu ki, çox vaxt onlara həddindən artıq yuxarı məbləğ deyirlər. Hətta bu rəqəm 60-70 manata kimi gəlib çıxır. 40 manatdan əlavə nə aldılarsa, özlərinə saxlayırlar. Əslində isə sürücü cəriməni yerindəcə post-terminala ödəməlidir. Əlbəəl pul vermək artıq tarixə qovuşub. Qanunda da açıq-aydın göstərilib ki, dayanma-durma qaydaları kobud şəkildə pozulduqda avtomobil evakuasiya oluna bilər. Əgər qanunu pozan sürücünün avtomobilini evakuasiya etmək mümkün deyilsə, yəni avtomobil dar küçələrdə saxlanılıbsa və evakuator maşını əraziyə girə bilmirsə, o zaman yol polisi əməkdaşları bort kompüter vasitəsilə bütün məlumatları qeyd edərək çıxardır və yerinə protokol tərtib edirlər. Amma son günlər görürük ki, bort kompüter sistemi arxa plana keçib”.

Sonda Elməddin Muradlı bildirdi ki...

...5 min kart çap ediblər

“Evakuasiya xidməti ilə bağlı QHT Şurasının dəstəyi ilə 5 min ədəd maarifləndirici kartlar çap etmişik. Artıq bu kartların sürücülərinə paylanılmasın başlanılıb. Hətta orada yol polislərinə də bir müraciət ünvanlamışıq. Dövlət Yol Polisi əməkdaşlarının avtomobili evakuasiya etməzdən öncə sürücüyə məlumat verməsi barəsində də tövsiyələr verilib. Dünyanın inkişaf etmiş ölkələrinə proses bu cür həyata keçirir. Artıq bizim də bu sistemə keçməyimizin vaxtıdır”.

 

Gültəkin ƏLƏSGƏR   

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı