Son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ünvanlı dövlət sosial yardımı sistemində mütəmadi təkmilləşdirmələr aparılıb, həmçinin yardım üçün tələb olunan sənədlərin sayı xeyli azaldılıb. Belə ki, hazırda ünvanlı sosial yardım üçün müraciət edən vətəndaşlardan təmsil etdikləri ailənin tərkibi və gəlirləri barədə məlumatların təqdim edilməsi üçün ümumilikdə 5 sənəd tələb olunur.
Lakin yardım üçün müraciət edildiyi zaman ailənin tərkibində demoqrafik göstəricilər və ailənin gəlir mənbələri müxtəlif olduğu hallarda digər (törəmə) sənədlərin, o cümlədən fərdi əməkdən əldə edilən gəlirlər barədə rəsmi məlumat kimi məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi və belə gəlirlər barədə müvafiq arayışların tələb olunmasına zərurət yaranır. Nazirlik «Elektron Hökumət» portalının yaratdığı imkanlardan istifadə olunmaqla ünvanlı sosial yardım üçün vətəndaşlardan tələb olunan sənədlərin sayının daha da azaldılması niyyətindədir. Bu barədə Modern.az-a ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.