Amerikanın kəşfiyyat üzrə ekspertlərinin gəldiyi qənaətə görə, İsrail Rusiyanın Suriyaya satdığı “Yaxont” gəmi əleyhinə raketlərini tam məhv edə bilməyib. Modern.az xatırladır ki, iyulun 5-də İsrail Hərbi Hava qüvvələri Suriyanın Latakiya şəhərindəki hərbi obyektlərə hava zərbəsi endirmişdi. Bu zərbələr nəticəsində Rusiyadan yenicə göndərilən müasir silahlar məhv edilib. Lakin amerikalı ekspertlərin fikrincə, əslində suriyalılar raketlərin bir qismini hadisədən öncə başqa yerə köçürüblər. Hazırda İsrail kəşfiyyatı həmin raketlərin yerini müəyyənləşdirməyə çalışır.
“Yaxont” raketlərinin dünyada analoqu yoxdur və hərbi gəmiləri məhv etmək üçün nəzərdə tutulub. Rusiya istehsalı olan SA-17 raketləri olan yük maşını isə iyun ayında məhv edilmişdi. Mayda isə “Hizbullah” təşkilatı üçün nəzərdə tutulan “Fateh-110” raketləri dəqiq hava zərbələri ilə məhv edilib.
Ekspertlərin fikrincə, İsrailin əsas məqsədi silahların “Hizbullah” təşkilatının əlinə keçməməsi idi.
Vüqar İsmayılov