
Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Mədəniyyət Fondunun layihəsi əsasında IV muğam televiziya müsabiqəsi keçirilir.
Modern.az-ın məlumatına görə, ümumilikdə 500-dən çox gəncin iştirak etdiyi birinci turdan növbəti mərhələyə 48 xanəndə vəsiqə alıb, onlardan isə 21-i Bakı səhnəsində ifa etmək hüququ qazanıb. Artıq 21 nəfər müsabiqənin keçirildiyi Beynəlxalq Muğam Mərkəzinin səhnəsində çıxışa başlayıb.
Son illər bir ənənəyə çevrilən və dördüncü dəfədir ki, keçirilən muğam televiziya müsabiqəsinin münsiflər heyəti də həmişə olduğu kimi peşəkarlardan ibarətdir.
Müsabiqənin ilk günü maraqlı ifalarla yadda qalıb. Əvvəlcə seçim turları nəticəsində Beynəlxalq Muğam Mərkəzində çıxış etmək hüququ qazanan 21 gəncdən 11-i tamaşaçılara təqdim olunub. Sonra “Muğam” instrumental ansamblının müşayiəti ilə xanəndələr öz məharətlərini göstəriblər.
Bu gənclər müxtəlif rayon və şəhərlərdə aparılan dinləmələrdə yaşıdlarından seçilən istedad sahibləridir.
Maraqlı ifalarla yadda qalan müsabiqənin birinci günündə gənc xanəndələrin ifasında “Sona bülbüllər”, “Küçələrə su səpmişəm”, “Şuşanın dağları” və digər xalq mahnıları, eləcə də təsniflər tamaşaçılara təqdim olunub.
Avqustun 8-də-IV muğam televiziya müsabiqəsinin növbəti günündə iştirakçılar maraqlı və rəngarəng ifalarla çıxış ediblər. Yarışmaya qatılan daha 10 gənc öz xanəndəlik qabilliyəti və istedadını Beynəlxalq Muğam Mərkəzinin səhnəsində nümayiş etdirib. Gənc ifaçıların təqdim etdikləri “Sarı gəlin”, “Ay bülbüllər”, “Yar bizə qonaq gələcək”, “Kimə yalvarım”, “Səni sevirəm”, ”Dağlardan aşdım” kimi xalq mahnıları tamaşaçıların zövqünü oxşayıb.
Peşəkar sənətkarlardan ibarət münsiflər heyəti gənclərin ifalarını qiymətləndirərək dəyərli fikir və tövsiyələrini bildiriblər.
Dördüncü muğam televiziya müsabiqəsi həftədə iki dəfə - çərşənbə axşamı və cümə axşamı günlərində Azərbaycan Televiziyası və “Mədəniyyət” ilə canlı yayımlanır.